“Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz”
AZƏRTAC prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə oktyabrın 7-də verdiyi müsahibəsinin mətnini yayıb.
Dövlət başçısı Ermənistanla münaqişə mövzusuna toxunan qəzet əməkdaşının “Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı” sualını belə cavablandırıb: “Ümumilikdə məmnunuq. Təqribən bir ildir müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən bundan razıyıq.
Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalır. Xüsusən də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”.
İlham Əliyev azad olunmuş ərazilərə sərmayə qoyulduğunu vurğulayıb: “Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1,3 milyard ABŞ dollarıdır. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadrat kilometrə bərabər olan ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq.
Hazırda avtomobil və dəmir yolları inşa edirik. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır, artıq ilk təyyarələri qəbul edib. Biz onu səkkiz aya inşa etmişik. Daha iki hava limanının inşası davam edir.
Bununla yanaşı yaşayış binalarının tikintisi layihələrinə başlamışıq. İki şəhərin baş planı təsdiq edilib və işlərə start verilib. Yəni biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır”.
İtaliyanın yenidənqurma işlərinə cəlb edilməsindən söz açan prezident deyib: “İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi İtaliya. Bu təsadüfi deyil. Bizim seçimimizdir. Mən demişdim ki, biz böyük qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik.
Bir neçə italyan şirkəti müxtəlif layihələrdə, o cümlədən zəfər muzeylərinin, memorial muzeylərin və işğal muzeylərinin yaradılmasında iştirak edir. Bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalayıb. Digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanır və yenidənqurma işlərində daha çox italyan şirkəti olacaq”.
“Avropanın Cənubi Qafqazda daha geniş iştirakı müsbət hal ola bilərmi” sualına prezident belə cavab verib: “Hazırda bu məsələlər geniş şəkildə müzakirə edilir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar.
Bu gün Avropa İttifaqı bizim nəqliyyat potensialımıza böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik”.
Qəzet əməkdaşı İranla Azərbaycanın münasibətlərinə toxunaraq deyib: “Müəyyən narahatlıq, müəyyən problemlər var. Bununla bağlı nə etməyi planlaşdırırsınız? Belə başa düşürəm ki, sizin İsraillə yaxın olmağınızdan onlar o qədər də məmnun deyillər. Belədirmi?”
Prezidentin cavabı belə olub: “Bu bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarları burada – Bakıda Azərbaycanın milli maraqları əsasında mən verirəm. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boşa çıxıb. Bu düzgün yol deyil və gətirib dalana çıxaracaq.
Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Öz sərhədimizə gəlib orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Mesajımız çox sadə idi – dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur.
Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Diplomatik nota hazırladıq, səfiri dəvət etdik və ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma əslində bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq.
Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik.
Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz əslində dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdi.
İranın yeni hökuməti, yeni prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran prezidentinə çatdırdılar.
Eyni zamanda digər çatdırılan mesaj belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenlərinin apardığı qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik.
Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Heç bir yaxşı şey baş vermədi.
Biz ilk növbədə İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”.