Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin səkkizinci turu başa çatıb. Novator.az bildirir ki, oktyabrın 12-si keçirilmiş oyunlardan sonra Danimarka F qrupunda 24 xalla birinciliyi təmin edərək final raunduna bilet alıb.
J qrupundan Almaniya final mərhələsinə oktyabrın 11-də adlayıb.
Final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. 32 biletin 13-ü Avropaya ayrılıb. Qitədə seçmə mərhələ 10 qrup üzrə aparılır. Dünya çempionatına çıxmaq üçün qrupda birinci yeri tutmaq gərəkdir. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2 ən yaxşı komandası əlavə oyunlar keçirmək hüququ qazanacaq.
Hazırda A qrupunda Serbiya (17 xal), B qrupunda İsveç (15 xal), C qrupunda İtaliya və İsveçrə (14 xal), D qrupunda Fransa (12 xal), E qrupunda Belçika (16 xal), G qrupunda Niderland (19 xal), H qrupunda Rusiya (19 xal), İ qrupunda İngiltərə (20 xal) öndədir.
Reqlamentə görə, final mərhələsinə Afrikanın 5, Asiyanın 4, Cənubi Amerikanın 4, Şimali və Mərkəzi Amerikanın 3 vəsiqəsi var. 2 vəsiqə Asiya, Cənubi Amerika, Okeaniya, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşir, 1 vəsiqə meydan sahibinə verilir.
1930-cu ildən keçirilən dünya futbol çempionatlarında Braziliya 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Uruqvay, Argentina və Fransa 2 dəfə, İngiltərə və İspaniya 1 dəfə qızıl medallara sahib olub.