Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması oktyabrın 12-də yeni tərkibdə ilk iclasını keçirib.
Novator.az bildirir ki, Dövlət Dumasının yeni tərkibi sentyabrın 17-19-da keçirilmiş ümumxalq seçkisində müəyyənləşib. 450 nəfərlik Dumada hakim Vahid Rusiya Partiyası 324, Kommunist Partiyası 57, Ədalətli Rusiya Partiyası 27, Liberal Demokrat Partiyası 21, Yeni Adamlar Partiyası 13, Vətən Partiyası, Vətəndaş Platforması Partiyası, Yüksəliş Partiyası 1 mandatla təmsil olunur.
5 mandatı müstəqil namizədlər götürüb.
12 oktyabr iclasında Dövlət Dumasına sədr seçilib. 2016-cı ildən spiker postunu tutan Vyaçeslav Volodin kürsüsünü qoruyub. Vahid Rusiya Partiyasının təmsilçisi olan Vyaçeslav Volodini 360 deputat dəstəkləyib.
1964-cü il təvəllüdlü Vyaçeslav Volodin 1999, 2003 və 2007-ci illərdə Dövlət Dumasının deputatı seçilib, 2010-cu ildən baş nazirin müavini, 2011-2016-cı illərdə Prezident Administrasiyası rəhbərinin birinci müavini olub.
Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir.
Hakim Vahid Rusiya Partiyasına Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev liderlik edir.
Dmitri Medvedyev 2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub.
İndiki dövlət başçısı Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir olub, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000 və 2004-cü illərdə prezident seçilib.
2008-ci ildən baş nazir kürsüsündə əyləşib, 2012 və 2018-ci illərin prezident seçkilərində qalib gəlib.