Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sərkisyanla bağlı cinayət işi açıb. Rəsmi xəbər oktyabrın 12-də yayılıb.
Novator.az bildirir ki, cinayət işi prezident təyyarəsinin 2008-2017-ci illərdə xidməti ehtiyac olmadan Almaniyaya dəfələrlə uçuş etməsi motivlərinə əsaslanır. Rəsmi iddiaya görə, Serj Sərkisyan vaxtaşırı prezident təyyarəsi ilə Almaniyanın Karlsrue şəhərinə uçaraq oradan Baden-Badenə yollanıb.
Xüsusi İstintaq Xidməti işi vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə araşdırır.
Bu il avqustun 25-də hakim Vətəndaş Sazişi Partiyasının deputatlarından biri parlamentdəki çıxışında Serj Sərkisyanı Almaniyanın Baden-Baden şəhərinə mütəmadi səfərlərində kazinolara baş vurub 100 milyon dollar pul uduzmaqda ittiham edib.
Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Yuxarı Qarabağ bölgəsində doğulub. Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.
2008 və 2013-cü illərdə prezident seçilib.
2007-ci ildən Ermənistan Respublikaçılar Partiyasının sədridir.
Serj Sərkisyan 2018-ci il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verməyə məcbur olub.
Serj Sərkisyanın üstündə cinayət işi var. Onun, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyanın və daha 3 şəxsin cinayət işinə paytaxt Yerevanın ümumi məhkəmələrindən birində baxılır. Xüsusi İstintaq Xidmətinin irəli sürdüyü, Baş Prokurorluğun təsdiqlədiyi ittihama əsasən, Serj Sərkisyan prezident vəzifəsini tutarkən 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup şəxsin kənd təsərrüfatı işləri üçün dizel yanacağını şişirdilmiş qiymətə almasını, 489,1 milyon dram (1 milyon dollardan çox) dövlət vəsaitini ələ keçirməsini təşkil edib.
2019-cu ilin dekabr ayında Xüsusi İstintaq Xidməti Serj Sərkisyanın ölkədən çıxmasını yasaqlayıb, onun və cinayət işində adı keçən digər şəxslərin əmlakına həbs tətbiq edib.