Angela Merkel Almaniya kansleri postunu tərk etməyə hazırlaşır. Sentyabrda Almaniyada keçirilən parlament seçkisində yer qazanmış partiyalar koalisiya hökuməti quran kimi, yeni kansler müəyyənləşən kimi Merkel Almaniya hökumətinin başçısı postundan gedəcək. Bəs bundan sonra onun Avropa Birliyindəki yerini kim tutacaq? Axı Merkel tək Almaniyanın lideri deyil, o həm də Avropa Birliyinin lideri sayılır. Bu məsələdə nəzərlər Fransa prezidenti Emmanuel Makrona yönəlib. Makron Avropa Birliyinə liderlik edə bilərmi? Necə liderlik edə bilər? ABŞ-ın “Reuters” agentliyi bununla bağlı “Merkeldən sonra Makron Avropa Birliyinə müttəfiqlərsiz rəhbərlik edə bilməz” başlıqlı analitik məqalə dərc edib. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır.
Almaniya kansleri Angela Merkelin 16 il liderlik etdiyi Avropa Birliyinin səhnəsindən getməsi Fransa prezidenti Emmanuel Makrona Avropada liderliyi ələ almaq və daha müstəqil Avropa qurmaq şansı verir.
Hərçənd Avropa Birliyi dövlətlərinin siyasətçiləri bunun tezliklə baş verməyəcəyi qənaətindədirlər.
Enerji ilə bağlı strateji məsələlərə daima aydınlıq gətirməyə çalışan fransız liderin cəhdlərinə baxmayaraq Merkeli “Avropa kraliçası” adlandıran blok Brüssel müzakirələri zamanı daha çox məhz kanslerin danışıq tərzindən yararlanıb.
Bölgədəki ölkə liderlərinin fikrincə, məsləhətləşmələr əsasında fəaliyyət göstərən müharibədən (II Dünya müharibəsindən) sonrakı Avropada Makronun Avropa Birliyi strategiyasını birbaşa və təkbaşına formalaşdırmaq istəyi ona Merkelin yerini tutmaq işində maneələr yaradacaq.
Avropa Birliyinin qurucularından olan dövlətlərdən birinin Parisə göndərilmiş diplomatı Makronun Avropanı təkbaşına idarə edəcəyini inandırıcı saymır: “O, çox ehtiyatlı davranmalıdır. İnsanların Fransanın nüfuzuna tabe olacağını gözləməməlidir. Merkelin qeyri-adi bir xüsusiyyəti var. O, hamını dinləməyi və hamıya hörmətlə yanaşmağı bacarır”.
Maraqlıdır ki, Avstraliya ABŞ-a görə Fransadan sualtı qayıqlar almaqla bağlı nəhəng müdafiə müqaviləsini ləğv edəndə Makron Avropadakı müttəfiqləri arasında müəyyən qədər dəstək tapa bildi, özü də bu dəstəyi dərhal qazandı.
Bəzilərinin susqunluğu isə göstərdi ki, Avropa ölkələrində Makronun qitənin müdafiəsi sahəsində muxtariyyət qazanmaq və ABŞ-ın Rusiyadan müdafiəsi məsələsindən daha az asılı olmaq niyyətinə dərin bir müxaliflik də var.
Makron Avropa Birliyinin şərq ölkələrinə Fransanın əvvəlki prezidentlərindən daha çox rəğbət bəslədiyini göstərməyə çalışsa da, onun NATO-nu “ölü beyin adlandırması” və Moskvayla dialoqa çağırış etməsi ABŞ-ı Rusiyadan yeganə müdafiə qalxanı sayan ölkələri sarsıdıb. Həmin ölkələr isə Baltik dənizindən tutmuş Qara dəniz sahilinə kimi iri bir ərazini əhatə edir.
Makronun ofisində onun tənqidi fikirlərini şərh edən olmayıb. Fransa rəsmiləri etiraf edirlər ki, Makronun Rusiya prezidenti Vladimir Putinlə tərəfdaşlıq cəhdləri heç bir nəticə verməyib.
Şərqi Avropa ölkələrindən birinin Fransadakı səfiri məsələyə münasibət bildirərkən deyib: “Biz ona Rusiya ilə münasibətdə bu cür siyasətin nə ilə nəticələnəcəyini izah edə bilərik. Başa düşürük ki, Makrona Rusiya ilə əlaqələr qurmaq lazımdır. Merkelə də bu lazım idi. Ancaq Merkel bu sayaq davranmırdı”.
Merkel də Avropa Birliyi üzvləri arasında fikir ayrılığına səbəb olan layihələr irəli sürürdü: məsələn, Rusiya və Almaniya arasında razılaşdırılmış “Şimal axını 2” boru kəməri layihəsi. Ancaq diplomatların fikrincə, Merkel hətta fikir ayrılığı doğuran planı da həyata keçirəndə həmişə qıcıq doğuran ritorikadan qaçmağa çalışıb. Makron isə bu cür ritorikaya vərdişkardır.
Parisdə yerləşən analitik mərkəzin – Monten İnstitutunun əməkdaşı Corcina Rayt Fransanın öz prinsiplərinin olduğunu deyir: “Ancaq Paris bəzən çox inadkar davranır, Makronun hakimiyyət dövrü isə dağıdıcı ola bilər. Fransa-Almaniya birliyi çox vacibdir, ancaq Makron bu ittifaqın yetərli olmadığını anlamaldır”.
Bəzi siyasətçilərin fikrincə, Makronun Avropada gələcək uğurları Almaniyadakı son parlament seçkisində yer qazanmış partiyaların koalisiya hökuməti qurmaq üçün apardığı danışıqların nəticəsindən deyil, daha çox iki liderdən – İtaliyanın baş naziri Mario Draqidən və Niderlandın baş naziri Mark Rüttedən asılıdır.
Adının açıqlanmasını istəməyən mənbənin məlumatına görə, Makron avronun xilaskarı sayılan, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Draqinin etimadını qazanmağa çalışır. O, Draqini Əfqanıstandakı iğtişaşlar səbəbindən ləğv olunmuş səfərdən əvvəl görüşə də dəvət edibmiş.
Makron həmçinin “qənaətcil” adlandırılan, iqtisadi baxımdan mühafizəkar ölkələri uğurla bir araya gətirən Mark Rütte ilə əməkdaşlığa başlayıb.
Makronla Rüttenin fikir mübadiləsi haqda məlumatlı olan diplomatın sözlərinə görə, Fransa prezidenti bir dəfə Niderlandın baş nazirinə deyib: “Siz getdikcə daha çox bizə, biz isə getdikcə daha çox sizə oxşamağa başlamışıq”.
“Reuters” agentliyinin açıqlama aldığı beş yüksək çinli diplomatın hamısı artıq Avropa Birliyi ölkələrinin əksəriyyətinin Makronun ideyaları ilə razılaşdığını söyləyir. Bir zaman Avropa şirkətlərini Asiya və ABŞ-dakı rəqiblərindən müdafiə etmək üçün aparılan fransızsayağı danışıqlara şahidlik etmiş ölkələr indi Pekinlə Vaşinqtonun daha aqressiv siyasət yürütməsindən sonra daha az müqavimət göstərirlər.
Baltik ölkələrdən olan diplomat Makronun bir qədər radikal göründüyünü, ancaq onun bəzi ideyalarını daha ağlabatan və məntiqli hesab etdiklərini bildirib.
Diplomat deyib ki, “Brexit” blok daxilində dinamikanı da dəyişib: “Çünki Fransa gələn ilin əvvəlində Avropa Birliyində sədrini dəyişdirməyə hazırlaşır. Əvvəllər biz britaniyalıların arxasında gizlənə bilirdik. İndi isə arxasında daldalanacaq böyük bir kürəyi itirmişik. Ona görə də əlimizi uzatmağa başlamışıq”.
Mənbə: Reuters.com