Xəzər Rayon Polis İdarəsi AXCP fəalı Aqil Hümmətovun ibtidai istintaqını başa çatdırıb. “Turan”ın 12 oktyabr məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Mühakimə prosesinə hakim Samir Əliyevin sədrlik edəcəyi bildirilir.
Aqil Hümmətov bu il avqustun 11-i paytaxtda tutulub, Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır. Xəzər Rayon Məhkəməsi avqustun 13-də onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.
Zirə qəsəbəsinin sakini olan Aqil Hümmətov üç övlad atasıdır, məişət tullantılarını çeşidləyib satmaqla məşğul olub, sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb.
Avqustun 18-də Aqil Hümmətovun həbsi ilə bağlı məlumat yayan Baş Prokurorluq qeyd edib ki, o, Zirə qəsəbəsində qonşusu Yamən Məmmədovu bıçaqlayıb, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham olunur.
Novator.az bildirir ki, 126.2.4-cü maddəyə əsasən, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Aqil Hümmətov heç kimə xəsarət yetirmədiyini bildirir, deyir ki, ibtidai istintaqı aparan Xəzər Rayon Polis İdarəsində ağır işgəncələrə məruz qalaraq etiraf ifadəsinə qol çəkib.