“Google” şirkəti “Ağıllı səsvermə” elektron platformasını öz tətbiqlər sisteminə qaytarıb.
“Ağıllı səsvermə” – rusiyalı müxalif lider Aleksey Navalnının 2019-cu ildə Rusiyada bələdiyyə seçkiləri zamanı yaratdığı platformadır. Bu platforma insanlara seçkilər zamanı hakim Vahid Rusiya Partiyasının namizədi üzərində qələbə qazanmaq potensialı olan namizədi tapmaqda kömək edir. Vətəndaşları hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq Kremlin namizədini məğlub etmək gücündə olan namizədə səs verməyə çağıran Navalnının “Ağıllı səsvermə” platforması 2019-cu ildə Rusiyanın hakim partiyasının Moskva Şəhər Şurasında yerlərin təxminən yarısını itirməsi ilə nəticələnib.
2021-ci il sentyabrın 17-19-da Rusiyada Dövlət Dumasına, həmçinin bəzi regionlarda məclislərə və qubernator postlarına seçkilər olub.
Bundan az əvvəl Rusiya hakimiyyəti ABŞ-ın “Google” və “Apple” şirkətlərindən tələb edib ki, “Ağıllı səsvermə” platformasını öz tətbiqlər sistemindən çıxarsınlar. Nəticədə hər iki şirkət “Ağıllı səsvermə”ni öz tətbiqlər sistemindən kənarlaşdırıb.
Novator.az-ın məlumatına görə, oktyabrın 9-u Navalnının mühacirətdə yaşayan tərəfdarı İvan Jdanov “İnstagram” şəbəkəsində bildirib ki, “Google” “Ağıllı səsvermə”ni tətbiqlər sisteminə qaytarıb. O, tətbiqdə yer alan məlumatların, videoların silinmədiyini, onların da bərpa olunduğunu söyləyib: “Amma həmin materiallar yalnız seçki günlərində əhəmiyyət daşıyırdı, seçki günlərində isə “Google” bizim tətbiqi öz sistemindən çıxarmışdı, tətbiqdə yerləşdirdiyimiz materiallara giriş bloklanmışdı”. Ona görə Jdanov tətbiqin bərpasından heç də şövqə gəlmədiklərini vurğulayıb.
Bununla belə o, “Apple” şirkətinin də eyni addımı atacağına – “Ağıllı səsvermə”ni tətbiqlər sisteminə qaytaracağına ümid etdiyini bildirib.
Aleksey Navalnı 2021-ci il yanvarın 17-dən həbsdədir. Hazırda o, 2 il 6 ay iki həftəlik azadlıqdan məhrumetmə cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Navalnı həbs ediləndən sonra onun başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu və digər qurumlar Rusiyada rəsmən ekstremist təşkilatlar kimi tanınıb, Navalnıya, başçılıq etdiyi qurumlara məxsus elektron platformaların hamısına, o cümlədən “Ağıllı səsvermə”nin saytına giriş qapadılıb.