Türkiyə Böyük Millət Məclisinin üzvü, müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu oktyabrın 6-sı Mersin şəhərində iri yük maşınları sürücüləri ilə keçirdiyi görüşdə Azərbaycandan narazılıq edib. O deyib ki, Azərbaycanda türkiyəli sürücülərdən başqa ölkələrin sürücülərindən çox – 2500 dollar keçid haqqı alınır. Kamal Kılıçdaroğlu Rusiyanın türkiyəli sürücüləri Gürcüstan yolundan imtina edib Azərbaycan marşrutunu seçməsi tələbi qoymasından da gileylənib.
Novator.az-ın məlumatına görə, bu məsələyə diqqət çəkən iqtisadçı Rövşən Ağayev yazır ki, Azərbaycan rəsmilərinin Kamal Kılıçdaroğlunun qaldırdığı problemə mövqe bildirməsi çox önəmlidir: “Çünki Azərbaycan regionda aparıcı tranzit ölkə olmağa iddialıdır və bunun üçün nəqliyyat-logistika infrastrukturuna 100 milyonlarla dollar sərmayə yatırır. Həm də Azərbaycan üçün son dərəcə önəmli bir tərəfdaşla münasibətlərdən söhbət gedir.
Gürcüstan Rusiya ilə sərhəddə, Yuxarı Lars marşrutunda qış mövsümündə daim yaranan problemləri həll etmək üçün yeni layihəyə start verib. Yaxın 3 ildə istifadəyə veriləcək 23 kilometrlik yeni yol və onun tərkib hissəsi kimi 9 kilometrlik tunel qış aylarında qar uçqunu təhlükəsi ilə bağlanan marşrutun istiqamətini dəyişərək daha təhlükəsiz edəcək. Bu halda Türkiyənin iri yük maşınları üçün Gürcüstan marşrutunu seçmək daha sərfəli olacaq. Azərbaycan marşrutunun uzunluğu 900 kilometrə yaxın olduğu halda Yuxarı Lars xətti ilə həmin məsafə 550 kilometrdir. Belə rəqabət şəraitində Azərbaycan yalnız sərfəli iqtisadi şərtlərlə uduşlu mövqe qazana bilər”.