Məhbus AXCP fəalı Niyaməddin Əhmədovun səhhəti pisləşib.
Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib, sonra cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda ittiham olunur.
AXCP fəalı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilir. 2021-ci il sentyabrın 22-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Niyaməddin Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsi təklifi verib.
Bakı İstintaq Təcridxanasında saxlanan Niyaməddin Əhmədov həmin gün aclıq aksiyasına başlayıb. Sentyabrın 23-də onu Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürüblər. Niyaməddin Əhmədovun koronavirus infeksiyasına yoluxduğu bildirilib, sonra bu xəbər təkzib olunub, ancaq təkrar testin ardınca yoluxmanın təsdiqləndiyi iddia edilib.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli oktyabrın 5-də özünün “Facebook” səhifəsində yazıb ki, Niyaməddin Əhmədov həm koronavirusa yoluxub, həm də bütün dərmanlardan, qida və sudan imtina edib: “Yalnız oktyabrın 3-də vəkillə danışa biləcəyi deyildikdən sonra su qəbul edib, ancaq aclığı davam etdirir, dərman atmır. Qarşılaşdığı dəhşətli haqsızlıq qarşısında Niyaməddin bəy faktiki olaraq intihar yolu tutub. Artıq sərbəst hərəkət edə bilmir. Niyaməddin bəydən xahiş edirəm ki, canına qəsd etməsin, ölüm aclığını dayandırsın. Azərbaycan xalqı tükənməyib. Niyaməddin bəyin və digər məhbus dostlarımızın haqqını birlikdə müdafiə edəcəyik”.
Oktyabrın 5-də bir qrup AXCP fəalı İxtisaslaşdırılmış Müalicə Müəssisəsi qarşısında toplaşaraq Niyaməddin Əhmədova azadlıq tələb edib. Polis aksiyanı dağıdıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı da Niyaməddin Əhmədovun durumundan narahat olduğunu bəyan edib. O, özünün “Facebook” səhifəsində yazır: “Siyasi məhbus Niyaməddin Əhmədov koronavirus testi neqativ çıxdığı halda niyə İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə göndərilib? Necə olub ki, bir neçə gündən sonra keçirilən yeni testin nəticəsi müsbət çıxıb?
Niyaməddin Əhmədova qarşı hətta haqqında irəli sürülən qondarma ittihama adekvat olmayan ağır cəza – 15 il müddətinə həbs cəzası istənməsi, sağlam olduğu halda İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə göndərilməsi, keçirdiyi aclıq aksiyasına məhəl qoyulmaması hakimiyyətin onu məhv etmək planından xəbər verir. Niyaməddin Əhmədov barədə cinayət təqibinə dərhal son qoyulmalı, ona qarşı qeyri-qanuni hərəkətlərə yol verənlər məsuliyyətə cəlb edilməlidir. Niyaməddin Əhmədova azadlıq!”
Baş Prokurorluğun 19 may 2020-ci il məlumatına əsasən, Almaniyada sığınacaq alaraq yaşayan Məmmədov Qabil Əmrah oğlunun Azərbaycanda terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub: “Cinayət işinin istintaqı zamanı Qabil Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum edilmiş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsilə yayımladığı çoxsaylı çıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycanın hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib”.