Prezident İlham Əliyev oktyabrın 4-ü Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, bir il əvvəl oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad edib: “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Bu qələbənin çox böyük mənası vardı, çünki ilk dəfə olaraq şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası vardı. Bu, ordumuza əlavə güc verdi, inam verdi. Bu qələbədən sonra bizim şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etdi”.
İlham Əliyev erməni iddialarına tədricən son qoyulmalı olduğunu vurğulayıb: “Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur. Məcbur edəcəyik onları.
Kim hesab edirsə müharibə bitdi və indi hər şey, necə deyərlər, əvvəlki məcraya düşəcək, səhv edir. Müharibə bitdi, biz qalib gəldik, yeni reallıq yaratdıq, hər kəs bu reallıqla hesablaşmalıdır və hesablaşacaq. Mən deyəndə ki, biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın, bunu nəzərdə tuturam. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz.
İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar – bəziləri bəyanatlar verməklə, bəziləri başqa yollarla onlara praktiki kömək göstərməklə. Ancaq bunun heç bir xeyri olmadı, bundan sonra da olmayacaq.
İkinci Qarabağ müharibəsinin bitməsi o demək deyil ki, region əvvəlki vəziyyətə qayıdacaq. Heç vaxt əvvəlki vəziyyət olmayacaq. Bunu hər kəs bilməlidir”.
Prezident çıxışında İrana mesajlar verib: “Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurub. Mənə məlumat verildi, dedim ki, fikir verməyin. Amma sonra rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlayıblar. Guya Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun.
Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Axı biz Ermənistanla sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün Ermənistanın nə qədər havadarı var, İkinci Qarabağ müharibəsi bunu göstərdi. Görün bu gün Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər, tapsınlar bir xarici vətəndaş var bu bölgədə?
Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Hansı əlaqələr vardı, bunu biz indi araşdırırıq. Yoxsa durduğu yerdə Azərbaycanı ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Biz bunu heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.
Dövlət başçısı Azərbaycanla Ermənistan arasında barışığa, sülh müqaviləsinə tərəfdar olduğunu deyib: “Biz bunu istəyirik. Sərhədlərin delimitasiyası həyata keçirilsin. Yoxsa kimsə bizi ittiham edir ki, biz bölgədə sərhədləri dəyişdirmək istəyirik. Nəyin əsasında bizə qarşı bu ittiham səsləndirilir? Bizim sərhədlərimiz 30 il ərzində pozulmuş vəziyyətdə olanda nədənsə Ermənistana qarşı belə ittihamlar irəli sürülmürdü. O qəbul idi? Biz heç kimin sərhədini pozmamışıq. Biz Laçın və Kəlbəcər rayonlarında Ermənistanla həmsərhəd olan bölgələrə 30 ildən sonra gəlmişik. Qar əriyəndən sonra gəlmişik, may ayında. Qar tez ərisəydi, tez gələrdik. Yəni 30 il ərzində bu sərhəd ermənilərin əlində idi. Əgər sərhəd oradan keçirdisə, qoruyardılar da bu sərhədi. Əgər biz sərhədi pozmuşuqsa, gəlib çıxarardılar da bizi oradan. Gəlib hücum edərdilər. Barışıblar axı onlar bununla, barışıblar. İndi Ermənistan bununla barışdığı bir dövrdə kimsə gəlir deyir ki, biz kiminsə sərhədini pozmuşuq. Biz heç kimin sərhədini pozmamışıq. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri. Gəlsinlər görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, gülməlidir”.