Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində Azərbaycan bayrağını ucaldıb. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı çıxış edərək deyib: “Talış kəndi bir il bundan əvvəl işğalçılardan azad edildi. Bir ildən sonra mən buradayam, Azərbaycan torpağında, azad edilmiş Talış kəndində Azərbaycan bayrağını ucaltmışam.
Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir. Çünki burada çox güclü istehkamlar qurulmuşdu, düşmən burada bir neçə müdafiə xətti qurmuşdu və əlbəttə ki, bizi buradan gözləyirdi. Bir çox əməliyyatda biz düşmənin gözləmədiyi yerlərdən əks-hücum etmişdik. Ancaq bu istiqamətdə, burada döyüş meydanı ensizdir, məhduddur, ona görə, təbii ki, düşmən bizi burada gözləyirdi və biz də gəldik, heç nəyə baxmadan gəldik. Qan tökərək, şəhidlər verərək gəldik, Talış və Suqovuşan kəndlərini düz bir il bundan əvvəl işğaldan azad etdik. Bu, bizə çox böyük strateji üstünlük verdi. Bir daha göstərdi ki, Ermənistan ordusu Azərbaycan Ordusunun qabağında acizdir, dayana bilməz və qələbə uzaqda deyil.
Bu gün Azərbaycanın suverenliyi bu bölgədə tam təmin edilib, bir il ərzində böyük infrastruktur işləri görülüb. Əsas odur ki, burada Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayacaqlar. Biz Talış kəndini bərpa edəcəyik, buraya həyat qayıdacaq”.
İlham Əliyev həmin gün Tərtər rayonunun Suqovuşan qəsəbəsində də Azərbaycan bayrağını ucaldıb. O deyib ki, Suqovuşan qəsəbəsi bir il əvvəl oktyabrın 3-də işğaldan azad edilib: “Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi.
Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən bilirdi biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilib. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi.
Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı.
Bu gün Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığını görürəm. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək xalqımızın böyüklüyünü göstərir.
Bu gün hər iki kənddə dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Yuxarı Qarabağ bölgəsindəki Suqovuşan (əvvəlki adı Madagiz) və Talış kəndləri 1992-ci ildə Ağdərə rayonu ləğv olunanda Tərtərin tərkibinə verilib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə işğalçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağ bölgəsinə və Ermənistana gedən Laçın yoluna Rusiya Ordusunun sülhməramlı kontingenti yeridilib.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Laçın şəhəri və rayonun 6 kəndi Azərbaycanın nəzarətində deyil.