Oktyabrın 1-i səhər Gürcüstana qayıtdığını bəyan edən sabiq prezident Mixail Saakaşvili həmin gün tutulub. Onun Rustavi şəhərindəki həbsxanaya yerləşdirildiyi vurğulanır.
Novator.az bildirir ki, Mixail Saakaşvili 1967-ci il dekabrın 21-i Tbilisidə anadan olub. Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.
1992-ci ildən Gürcüstanda hüquqşünaslığa başlayıb, sonrakı illərdə Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb. Osloda Norveç İnsan Hüquqları İnstitutunda, Nyu-Yorkda hüquq firmasında çalışıb.
1995-ci ildə Mixail Saakaşvili Gürcüstana qayıdıb, iki dəfə parlamentin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri təyin olunub.
2001-ci ildə prezident Eduard Şevardnadzeni korrupsiyada günahlandıraraq nazir vəzifəsindən istefa verib. 2002-ci ildən Tbilisi meri postunu tutub.
2003-cü ildə Eduard Şevardnadze hakimiyyətinə qarşı xalq hərəkatına başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın dövlət başçısı postunu tutub.
Hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona bir neçə cinayət işi qaldırılıb, haqqında iki həbs hökmü var.
2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşviliyə qiyabi hökm çıxarıb. Sabiq prezident bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 3 il azadlıqdan məhrumetmə cəzası alıb.
Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Mixail Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar.
2018-ci il iyunun 28-də Mixail Saakaşvili 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü iyunun 28-də Tbilisi Şəhər Məhkəməsi çıxarıb. Mixail Saakaşvili 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə edilmiş hücumun təşkilində təqsirli bilinib.
2005-ci ildə Mixail Saakaşvili dövlət başçısı postunu tutarkən Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Valeri Gelaşvilini döyüblər. Deputat ağır xəsarətlərlə xəstəxanaya düşüb. Valeri Gelaşvili hücumu Mixail Saakaşvilinin sifarişi saydığını bəyan edib. 2013-cü ildə Mixail Saakaşvili prezident postundan gedəndən sonra bu hadisə üzrə istintaq yenilənib.
Sabiq prezidentin üstündə daha üç ittiham var: Dövlət Mühafizəsi Xidmətinin 9,2 milyon lari vəsaitinin israf olunması; 2007-ci ildə xüsusi təyinatlı qüvvələrin “İmedi” telekanalının ofisində dağıntılar törətməsi; 2008-ci ildə vəfat etmiş biznesmen və siyasətçi Badri Patarkatsişvilinin əmlakının müsadirə olunması. Bu işlər Tbilisi Şəhər Məhkəməsinin icraatındadır.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin olunub.
2015-ci il dekabrın 4-də Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi başqa ölkənin vətəndaşlığı göstərilib.
2016-cı ilin noyabrında Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verərək müxalifətə keçib.
2017-ci il iyulun 25-də Ukrayna prezidenti Pyotr Poroşenko onu vətəndaşlıqdan çıxarıb. Buna Mixail Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Həmin il Mixail Saakaşviliyə Ukraynada cinayət işləri qaldırılıb, ancaq onu həbs etmək mümkün olmayıb. 2018-ci il fevralın 12-də Mixail Saakaşvili ölkədən deportasiya edilib.
2019-cu ildə Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən sonra Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub.
Mixail Saakaşvili Gürcüstana oktyabrın 2-də keçiriləcək yerli seçkilər ərəfəsində dönüb və xalqı Vahid Milli Hərəkat Partiyasının namizədlərinə səs verməyə çağırıb. 2 oktyabr seçkilərində 64 şəhər və rayonda merlərin, yerli məclislərin ümumilikdə 2044 üzvünün müəyyənləşməsi gözlənir.
Gürcüstan parlament respublikasıdır. Hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edərək hökumət qurub.
Mənbə: Sputnik-georgia.ru