Böyük Britaniyanın “Middle East Eye” saytında Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü haqda məqalə dərc olunub. “Türkiyəli məmur deyir ki, Türkiyə ilə Rusiya Suriyanın İdlib bölgəsində status-kvonu saxlayacaq” başlığı altında təqdim edilmiş məqalənin müəllifi saytın Ankara bürosunun müxbiri Ragıp Soyludur.
Ragıp Soylu əvvəllər Türkiyə KİV-lərinin – ingilis dilində çıxan “Daily Sabah” qəzetinin və ATV kanalının Vaşinqton və London bürolarında müxbir kimi çalışıb. O həmçinin CNN, “Foreign Policy” və digər KİV-lər üçün yazılar hazırlayıb.
Novator.az saytı Ragıp Soylunun Ərdoğan-Putin görüşü haqda məqaləsini ingilis dilindən çevirib oxuculara təqdim edir.
Sentyabrın 29-da Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdü.
Görüşdə Suriyanın şimal-qərbində zorakılığın qarşısının alınması və Moskvanın Ankaraya müdafiə sistemləri satışının genişləndirilməsi imkanları müzakirə edildi.
Türkiyənin yüksək vəzifəli məmurlarından birinin “Middle East Eye” saytına bildirdiyinə görə, prezidentlər Suriyanın İdlib bölgəsində status-kvonu saxlamaq barədə razılığa gəliblər.
Ərdoğanla Putinin görüşü Rusiyanın döyüş təyyarələrinin İdlibdəki Türkiyə hərbi bazaları yaxınlığında yerləşən müxalifət qalalarına zərbələr endirdiyi vaxtda baş tutub.
2020-ci ilin martında Türkiyə və Rusiya prezidentlərinin Moskva görüşü İdlib məsələsində razılaşma ilə bitmişdi.
Ancaq son həftələrdə Bəşər Əsəd hakimiyyətinə müxalif qüvvələrin İdlibdəki mövqelərinin havadan və qurudan bombalanması həmin razılaşmanı təhdid altına salıb.
Bugünlərdə Türkiyənin müdafiə naziri Hulusi Akar Moskvanı xəbərdar edib ki, İdlibdə müxalifətin nəzarətində olan ərazilərə hava zərbələrinin endirilməsi mülki əhali arasında itkilərə və yerli sakinlərin radikallaşmasına gətirib çıxarır. Nazir əlavə edib ki, o, Rusiyanın 2020-ci ildə əldə olunan razılaşmanı dəstəkləyəcəyinə ümidvardır.
İdlibdə üç milyondan çox suriyalı qaçqın var. Suriya ilə Rusiyanın bundan sonrakı hücumları həmin qaçqınları Türkiyə ərazisinə sürükləyə bilər. Türkiyədə isə qaçqınlarla bağlı ictimai əhval-ruhiyyə kəskinləşməkdədir.
Bu yaxınlarda türkiyəli rəsmilər mətbuata açıqlamalarında demişdilər ki, Ərdoğan Suriya məsələsində, xüsusən İdlibə edilən hücumlara, həmçinin Suriyadakı kürd yaraqlılarının Türkiyə ərazisinə hücumlarına görə Putinə təzyiq göstərəcək.
Türkiyə PYD qüvvələrinə 30 ildir ölüm-dirim müharibəsi apardığı, qadağan olunmuş Kürd Fəhlə Partiyasının, yəni PKK-nın davamçısı kimi baxır.
“Middle East Eye” saytına danışan türkiyəli yüksək vəzifəli məmur İdlibdə heç bir dəyişikliyin baş vermədiyini və Ankaranın status-kvonu saxlayacağını vurğulayıb.
Türkiyənin İdlib üzrə 2020-ci il anlaşmasını qorumaq üçün hər hansı güzəştə gedib-getmədiyini dərhal anlamaq olmur.
Türkiyə və Rusiya prezidentləri arasında sentyabrın 29-da baş tutan görüşün əvvəlində, mətbuata açıq hissəsində Ərdoğan Putinə dedi ki, Suriya ilə bağlı atılan addımların böyük önəmi var: “Orada sülh Türkiyə ilə Rusiya arasındakı münasibətlərdən asılıdır”.
Ərdoğan Soçi görüşünə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalından, administrasiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altundan və kəşfiyyat təşkilatının (MİT – Milli İstihbarat Təşkilatı) başqanı Hakan Fidandan savayı məmur aparmamışdı.
Ərdoğan-Putin görüşünün əsas hissəsi qapalı keçirildi. Ehtimal olunur ki, onlar görüşdə Türkiyənin Rusiyadan əlavə S-400 raketdən müdafiə sistemi alması məsələsini, habelə Dağlıq Qarabağ və Liviyadakı vəziyyəti də müzakirə ediblər.
Aydın məsələdir ki, ABŞ-ın etirazına eyham vuraraq, yəni Vaşinqtonun etirazlarına baxmayaraq Ərdoğan Putinə müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək istədiyini də dedi: “BMT Baş Assambleyasında məlum tiplər bəzi məsələlərlə bağlı bizə elə hey sual verirdilər. Biz də onlara lazımi cavabı verdik. Çünki atdığımız addımlardan geri dönməyimiz mümkün deyil. Mən qəti əminəm ki, Türkiyə-Rusiya əlaqələrini daha da gücləndirməyin çox böyük faydaları var”.
Ötən ilin sonunda Rusiyadan S-400 raketdən müdafiə sistemi aldığına görə ABŞ Türkiyəyə sanksiyalar tətbiq edib və Ankaranı NATO-nun müasir F-35 qırıcılarının hazırlanması üzrə proqramdan uzaqlaşdırıb.
Ragıp Soylu
Mənbə: Middleeasteye.net