Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı, partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun işi üzrə 29 sentyabr prosesi qeyri-müəyyən vaxta təxirə salınıb. Məlumatı Niyaməddin Əhmədovun vəkili Zibeydə Zəkəriyyəyeva yayıb.
Novator.az bildirir ki, Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda ittiham olunur.
Baş Prokurorluğun 19 may 2020-ci il məlumatına əsasən, Almaniyada sığınacaq alaraq yaşayan Məmmədov Qabil Əmrah oğlunun Azərbaycanda terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub: “Cinayət işinin istintaqı zamanı Qabil Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum edilmiş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsilə yayımladığı çoxsaylı çıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycanın hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib”.
AXCP fəalı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. 2021-ci il sentyabrın 22-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Niyaməddin Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsi təklifi verib.
Bakı İstintaq Təcridxanasında saxlanan Niyaməddin Əhmədov həmin gün aclıq aksiyasına başlayıb.
AXCP sədri Əli Kərimli yazır ki, Niyaməddin Əhmədovun həyatına yeni təhlükə yaranıb: “Niyaməddin bəy sentyabrın 22-dən aclığa başlayıb. Sentyabrın 23-də onu “koronavirusa yoluxub” adı ilə Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürüblər. Sentyabrın 28-də məlum olub ki, Niyaməddin bəy koronavirusa yoluxmayıb. Onun xəstəxanaya nəyə görə köçürüldüyü, səhhətinin pisləşməsinin nə ilə bağlı olduğu müəmmalıdır və bizi ciddi narahat edir.
Niyaməddin bəyin vəkili Zibeydə Zəkəriyyəyeva onunla görüşmək üçün sentyabrın 28-də müalicə müəssisəsinə gedib, ancaq görüşə imkan verilməyib.
Niyaməddin Əhmədov həbsdə dəfələrlə ağır, insan həyatı üçün təhlükəli işgəncələrə məruz qalıb. Səhhəti korlanıb. Prokuror onun 15 il müddətinə həbs olunmasını istədikdən sonra Niyaməddin bəy buna etiraz edərək aclıq aksiyasına başlayıb. O günahsızdır. Rejimin Niyaməddin bəyə qarşı bu qədər aqressiv olması mənə qarşı böhtan xarakterli ifadə verməməsi ilə bağlıdır.
Əvvəllər dəfələrlə ağır işgəncələrə məruz qaldığını, bütün əlaqələrdən məhrum edildiyini, müəmmalı səbəbdən səhhətinin pisləşdiyini nəzərə alaraq Niyaməddin bəyin həyatından narahat olduğumuzu bildirirəm”.