AZƏRTAC prezident İlham Əliyevin sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına verdiyi müsahibənin mətnini yayıb. Dövlət başçısı “Keçən həftə müharibə bitəndən bəri ilk dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu, hər iki tərəf arasında dialoqun yenidən başlaması və sülhə ümidin olacağı deməkdirmi” sualını belə cavablandırıb: “Ümid etmək istərdim ki, belədir. Çünki Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanmasından getmir, eyni zamanda Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir”.
“Dialoqa yenidən başlamağa cəhd etmək və sülhə doğru irəliləmək üçün Ermənistanın baş naziri ilə əlaqə yaratmısınızmı” sualına prezident belə cavab verib: “Keçən ilin noyabr ayında müharibə bitəndən bəri bizim bir-birimizi görmək üçün yalnız bir imkanımız olub – yanvar ayında Rusiya prezidenti Vladimir Putinin Moskvada təşkil etdiyi üçtərəfli görüş zamanı. Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb.
Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər.
Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq”.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın mövqeyi sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir: “Bütün bunlar xoşməramlı jestlərdir. Bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər”.
Prezident Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olduğunu vurğulayıb: “Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o ya Ermənistana məxsusdur, ya da “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan ilk növbədə Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik”.
“Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib” qeydinə prezident belə cavab verib: “Məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var.
Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”.