Almaniyada sentyabrın 26-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 735 deputatı olacaq Bundestaqa qalib Sosial Demokrat Partiyası 206 mandat qazanır. Bu quruma 1958-ci il təvəllüdlü hüquqşünas Olaf Şolts liderlik edir.
Hakim Xristian Demokrat və Xristian Sosial ittifaqlarından ibarət alyans 196 yer götürür.
Yaşıllar Partiyasının 118, Azad Demokrat Partiyasının 92, Almaniya Üçün Alternativ Partiyasının 83, Sol Partiyanın 39 mandat əldə etdiyi vurğulanır.
1 mandat kiçik bölgə partiyasına qismət olur.
Hazırda Almaniyada Xristian Demokrat İttifaqının nümayəndəsi Angela Merkel hökumət başçısı – kanslerdir. 1954-cü il təvəllüdlü Angela Merkel 2000-ci ildən Xristian Demokrat İttifaqının sədri olub. Kansler postunu 2005-ci ildən tutur.
2021-ci il yanvarın 16-da Armin Laşet Xristian Demokrat İttifaqının sədri seçilib. 1961-ci il təvəllüdlü Armin Laşet hüquqşünasdır. 1979-cu ildən Xristian Demokrat İttifaqının üzvüdür. O, 2021-ci il aprelin 20-də kansler postuna namizəd göstərilib.
Mənbə: Dw.com