Prezident İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkoya müsahibəsi yayılıb.
Dövlət başçısı 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən danışaraq deyib: “Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistanın artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və müharibəyə qoşulduq. Bu, labüd idi.
Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik.
Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi. Mən onu da bilirəm ki, Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planı vardı. Əslində sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar.
Müharibə dövründə bizim davranışımızın əsası keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Bu ilk növbədə onunla bağlı idi ki, uzun illər ərzində informasiyanın azacıq da olsa sızmasından yaxa qurtarmaq mümkün deyildi. Biz güman edirdik ki, düşmən bizim nəzərdə tutduğumuz əməliyyatlar barədə ümumən məlumatlıdır. Döyüş əməliyyatları zonası yetərincə məhduddur və təbii ki, əsas əməliyyatların harada keçiriləcəyini hər bir hərbi mütəxəssis müəyyən edə bilər. Buna görə də biz döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edirdik. Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim. Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, – hərbi əməliyyatların gedişi indi artıq məlumdur, – bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.
Təbii ki, biz qısa müddətdə, hətta əməliyyatların gedişində resurslarımızın – həm insan resurslarının, həm də texniki ehtiyatların səfərbər edilməsi üçün çox fəal iş aparmalı idik. Həmin 44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq. Qısa müddətdə – cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edildi. Onlar həmçinin bütün zəruri silahlar və texniki vasitələrlə təmin edildi. Bizim səfərbər etdiyimiz texniki imkanlar əks-hücum fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyimizə kömək etdi. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Hərçənd həmin kəndlərin və şəhərlərin sakinlərinin əsas hissəsi evlərində qalır və deyirdilər ki, onlar öz yurdlarından heç yerə getməyəcəklər”.
Şuşa şəhərinin götürülməsi ilə başa çatmış əməliyyatın əsas mərhələlərini, əsas gedişini səciyyələndirən prezident deyib: “Mühüm mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Ona görə bu da vacib idi, çünki əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı. Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır.
Mən Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Çünki bizi orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu onlar üçün gözlənilməz oldu. Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir. Hərçənd Hadrutda artıq bütün yüksəkliklərdə bizimkilər qərarlaşmışdı və şəhərin alınıb-alınmamasını başa düşmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız sadəcə vaxt tələb edirdi. Yalnız bizim hərbi qulluqçu Hadrut administrasiyasının binası üzərinə Azərbaycan bayrağını sancaraq Hadrutun götürülməsi barədə mənə raport verəndə Ermənistanın daha yalanlar uydurması üçün əsası qalmadı.
Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik.
Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir.
Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim. Nə üçün? Ona görə ki, orada çox güclü möhkəmləndirilmiş rayon vardı. Biz düşmənin müqavimətini qırmaq üçün bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Düşmən bəzi istiqamətlərdə silahını ataraq qaçırdı, – ermənilər özləri etiraf edirdilər ki, onlarda 10 min fərari var. Amma bəzi yaşayış məntəqələrində onlar sona qədər dayandılar. Biz bunu qeyd etməliyik. Fikrimcə, heç kəs şübhə etməməlidir ki, bəzi əməliyyatlarda erməni tərəfi dözümlülük göstərdi və heç bir halda düşməni lazımınca qiymətləndirməmək, onun ləyaqətini alçaltmaq və ya azaltmaq olmaz. Buna görə də Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi.
Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar əslində oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.
Əlbəttə, sonrakı əməliyyatı – Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək istərdim. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində dəhliz artıq bizim nəzarətimiz altında idi.
Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu”.
Dövlət başçısı deyib ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıb: “Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər.
Mən xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirmişəm. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub. Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq.
Döyüş əməliyyatlarının gedişinə qayıtmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz əslində dağlara dırmaşırdıq. Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq. Odur ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm.
Biz müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmə yaratdıq. Sərhəd Qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər.
Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, çünki onlar da hərbi əməliyyatların gedişinə fəal qoşulublar. Biz onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə onların istifadəsini nəzərdə tutmamışdıq. Sərhəd Xidmətini də, Daxili Qoşunları da döyüş texnikası ilə təchiz etmişdik, ola bilsin ki, bu onların birbaşa fəaliyyət növü üçün o qədər də səciyyəvi deyildi. Mən bu cür bacarıqlı mobil hərbi qruplar yaradırdım ki, onlar özlərinin birbaşa vəzifələrindən əlavə ərazilərin azad edilməsi üzrə funksiyaları da yerinə yetirə bilsinlər.
Hərbi əməliyyatların müəyyən mərhələsində biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarını da cəlb etdik. Onlar Naxçıvandan ezam olunmuşdu və döyüş əməliyyatlarında xüsusi təyinatlı qüvvələrin digər nümayəndələri ilə bərabər iştirak edirdilər.
Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər.
Beləliklə, bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Onların fəaliyyətinin əlaqələndirilməsi də çox böyük əhəmiyyət kəsb edirdi, çünki onlar bir çox əməliyyatı birlikdə həyata keçirirdilər. Onların fəaliyyətinin əlaqələndirilməsi hərbi əməliyyatın uğurunda çox mühüm rol oynayırdı. Əvvəlki illərdə biz bəzən Müdafiə Nazirliyinin, Sərhəd Xidmətinin, Daxili Qoşunların xüsusi təyinatlılarının birgə hərbi təlimlərini keçirir, onların fəaliyyətinin əlaqələndirilməsini bir növ test edirdik. Lakin bir var bunu hərbi təlim zamanı etmək, bir də var müharibə dövründə. Beləliklə, onlar hamısı qəhrəmanlıq göstərib, yüksək ordenlərlə, medallarla təltif edilib və biz onlarla fəxr edə bilərik”.