BMT Baş Məclisinin 23 sentyabr iclasında prezident İlham Əliyevin video formatlı çıxışı təqdim olunub. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı ötən ilin sentyabrındakı çıxışında diqqəti Azərbaycan ərazilərinin işğalının davam etməsinə, Ermənistan hökumətinin təcavüzkar bəyanat və hərəkətlərinə yönəltdiyini xatırladıb: “Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu. Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalıda soyqırımı törədərək yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirib. 1275 azərbaycanlı əsir götürülüb, onların 150-si hələ də itkin hesab olunur. Etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu qətnamələrə və BMT Baş Məclisi, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlarda qəbul edilmiş bənzər qərarlara məhəl qoymayıb.
BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.
ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilib. Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər.
Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”.
2020-ci ildəki müharibəyə toxunan prezident deyib: “44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu, öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdığını vurğulayıb: “Hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.
1945-ci ildə yaradılan BMT 190-dan çox ölkəni bir araya gətirir. Təhlükəsizlik Şurasının 15 üzvü var. Onların 5-i (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin) daimi üzvlərdir. 10 üzv iki ildən bir seçilir.
Azərbaycan 1992-ci il martın 2-də BMT-yə qəbul edilib, 2011-2013-cü illərdə Təhlükəsizlik Şurasında təmsil olunub.