Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi
Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan dövlət xadimi Eldar Həsənov sentyabrın 24-də keçirilən prosesdə sərbəst ifadəsini bitirib. Meydan.tv bildirir ki, Eldar Həsənov səfirliyin xərclər smetasında nəzərdə tutulan vəsaitlərin bir hissəsini mənimsəmək ittihamından danışaraq deyib: “Səfirlik xərclər smetasını əvvəlcədən proqnozlaşdırıb hazırlayır, Xarici İşlər Nazirliyinə təqdim edir, nazirlik proqnozları araşdırıb büdcəni müəyyənləşdirirdi. Bu xərclərə səfirlik işçilərinin əmək haqları ilə yanaşı işıq, qaz, su pulu, yanacaq xərcləri də daxildir. Xarici İşlər Nazirliyi hazırlayıb Maliyyə Nazirliyinə göndərir, bundan sonra səfirliyə illik büdcə ayrılır. 20 il ərzində bir dəfə də olsun Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi mənə büdcə proqnozları ilə bağlı irad tutmayıb. Əksinə, Xarici İşlər Nazirliyi göstərib ki, 2015-2018-ci illərdəki xərclər smetası obyektiv əsaslandırılıb”.
Ştatdankənar əməkdaşların maaşlarının mənimsənməsi ittihamlarına münasibət bildirən Eldar Həsənov deyib: “Təlimata əsasən, səfirliyin sürücüsü, bağbanı, xadiməsi və katibə yerli əhalidən olmalıdır. Bu ştatlar üzrə işçi götürüləndə əvvəl onun şəxsiyyəti araşdırılmalıdır. Mən də həmin şəxsləri işə götürməzdən əvvəl sənədlərini Xarici İşlər Nazirliyinə göndərmişəm, orada onların kimliyini araşdırıblar. Təsdiqləyəndə bizə göndəriblər. Sonra biz orta aylıq əməkhaqqına uyğun olaraq onlar üçün maaş cədvəli müəyyən edib nazirliyə göndərmişik. Müqaviləni də onlarla mən yox, nazirlik imzalayıb”.
Eldar Həsənov deyib ki, Xarici İşlər Nazirliyi bir müddət öncə bütün ölkələrdəki səfirliklərdə ixtisarların aparılmasını təklif edib, o da səfir olduğu üç ölkədən (Serbiya, Monteneqro, Bosniya və Herseqovina) ikisində sürücü və bağbanı ixtisar edib: “Biz bu addımı atan yeganə səfirlik olduq. Mən yeganə səfir olmuşam ki, icarə haqqı 8200 avro olan villadan imtina edib yarı qiymətə binanın ikinci mərtəbəsindəki mənzildə qalmışam. Bunları nəzərə almaqdansa mənə ittiham verirlər. Mənim xarici ölkədə əmim-dayım var? Pulum qurtaranda kimdən borc almağa imkanım olub? Mən çətinliklərə baxmayaraq xərclərə maksimum qənaət etmişəm ki, dövlət büdcəsi ziyan çəkməsin. Bu, Kəlbəcərə yol çəkmək deyil ki, ayrılan vəsaiti mənimsəyim, səfirlikdir. Cinayət işinin materiallarından da görünür ki, mən səfirlikdə işlədiyim dövrdə büdcəyə nə qədər vəsait qaytarmışam. İşlədiyim müddətdə 198 min 153 avro vəsaiti xərclər smetasından qənaət edib dövlət büdcəsinə qaytarmışam. Gəlin Avropanın ən kasıb ölkəsində olan Azərbaycan səfirliyinin elədiyi bu qənaəti başqa dövlətdə göstərin. Əgər Avropanın hansısa ölkəsində Azərbaycan səfirliyi mənim qaytardığım vəsaitin yarısını büdcəyə qaytarıbsa, gətirin bu faktı göstərin, adımı dəyişərəm. Mən Heydər Əliyev dərsi keçmişəm, harada olmuşamsa, büdcəni qorumuşam. Çünki mən vicdanıma güvənmişəm. Məni mənimsəmədə ittiham etmək gülüncdür. Məni tutmaq üçün evimdən tank çıxarsaydınız, yandırmazdı. Əgər məni tutmaq, öldürmək, asmaq istəyirsinizsə, boş və absurd ittihamlar səsləndirməyin. Yığın adamlarınızı, televiziyaları, deyin ki, Eldar Həsənovu öldürmək istəyirik. Asın məni, qurtarsın getsin”.
Eldar Həsənovun sözlərinə görə, işlədiyi ölkələrdə üç park saldırıb, amma o üç parka sərf olunan vəsait Bakıda Heydər Əliyev sarayının qarşısındakı parkın salınmasına xərclənən büdcə vəsaitindən beş dəfə az olub: “O parkların hər biri Bakıdakı parkdan üç dəfə böyükdür. İndi görünür ki, kim yeyib, kim yox”.
Eldar Həsənov qulluq mövqeyindən sui-istifadə etmək ittihamını rədd edərək deyib ki, əslində dövlət mənafeyini qoruyub: “Heç bir epizod üzrə mənimsəmə halı təsdiqlənməyib. İstintaq kobud qanun pozuntuları ilə aparılıb. Beş ölkədən onlarla şahid dindirilib, bir nəfər deməyib ki, mən Eldar Həsənovla hansısa işbirliyi qurmuşam. Bir nəfər ifadə verməyib ki, Eldar Həsənov mənə bunu eləməyi dedi. Yoxdur axı. Birinci gündən telefonlarımı Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etmişəm ki, yoxlasınlar. Bütün şəcərəmi araşdırıblar, 19 yaşlı nəvəmin bank hesabına qədər. Bir dənə fakt tapsınlar ki, ora 1 manat pul köçürmüşəm. Öz hesabımı da araşdırıblar, rəsmi maaşım və yazdığım kitabların pulundan başqa 1 manat əlavə vəsait aşkarlanmayıb. 20 illik arxiv sənədlərini araşdırıblar, bir dənə fakt tapmayıblar”.
Eldar Həsənov Serbiyada səfirlik üçün bina alınmasına 3 milyon 205 min, Bosniya və Herseqovinada isə 4 milyon 200 min avro vəsait ayrılması, amma binaların əslində bundan xeyli ucuz alınması barədə suala cavabında deyib ki, Serbiyadakı bina həqiqətən də 3 milyon 205 minə alınıb: “Bunu təsdiqləyən müqavilə var və Xarici İşlər Nazirliyinə göndərilib. Sadəcə əmlak sahibi özü çox vergi ödəməmək üçün vəsaitin bir hissəsinin bank hesabına köçürülməsini istəyib. Əmlakın dəyərinin bir hissəsi köçürmə, bir hissəsi isə nağd ödənib.
Bosniya və Herseqovinadakı binanın alqı-satqısı noyabrda olub. Onda mən orada olmamışam, məsləhətləşmələrə görə gəlmişdim. Yanvarda Bosniya və Herseqovina rəhbərliyi ilə görüşlərim oldu. Fevralda ölkə Xocalı faciəsini rəsmən tanıdı. Başqa heç nə demək istəmirəm”.
Növbəti məhkəmə iclası sentyabrın 27-nə təyin olunub.
Sentyabrın 3-də start götürən mühakimə prosesinə Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev sədrlik edir.
1955-ci il təvəllüdlü Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professor, pedaqoq, kitab, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur həbs edilib.
İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.
Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. 2021-ci il avqustun 16-da məlumat yayan Baş Prokurorluq bəyan edib ki, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
Eldar Həsənov bildirir ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir, tutulmasının həqiqi səbəbi ölkə rəhbərliyinə onun siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun səhhəti ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.
2021-ci il iyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb, avqustun 2-dən 17-dək yenə hospitalda müalicə alıb.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi
“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”