AXCP sədri Əli Kərimli partiyadaşı, ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovdan yazıb.
Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə prosesi başa çatdırmaq üzrədir. Sentyabrın 22-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Niyaməddin Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsi təklifi verib.
Novator.az-ın məlumatına görə, Əli Kərimli Niyaməddin Əhmədova 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənməsinə özünün “Facebook” səhifəsində belə reaksiya verib: “Niyaməddin bəyə qarşı irəli sürülmüş terroru maliyyələşdirmə ittihamının tamamilə saxta olduğunu bu ölkədə hamı bilir. Əliyev hakimiyyəti Niyaməddin bəydən qisas alır. Ondan dürüst, ləyaqətli, əqidəsinə sədaqətli olmasının qisasını alırlar. Rejim Niyaməddin bəyə oğru və korrupsionerlərin yox, zalıma qarşı haqq davası aparanların sırasında, həm də ön cərgədə olmasını bağışlamır. Bütün qəzəb və nifrətlərini yönəldiblər bu günahsız gəncə qarşı.
Niyaməddin Əhmədov erməni diversantı olsaydı, 6 aylıq azadlıqdan məhrumetmə ilə canını qurtarardı. Özəl həbsxana saxlamış keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı olsaydı, 3-4 illə canını qurtarardı. Milyardları oğurlamış oliqarx olsaydı, oğurladığının 80-90 faizini məlum hesablara keçirməyə razılaşıb “fəxri pensiyaçı oliqarx” həyatını davam etdirərdi. 10 milyonlarla manat xalq sərvətini, o cümlədən yüzlərlə insanın son ümid yeri olan ünvanlı sosial yardımları mənimsəmiş icra başçısı olsaydı, uzaqbaşı 8-9 ay cəza çəkib azadlığa çıxardı.
Ancaq Niyaməddin bəy oğrular dəstəsindən deyil, oğrular dəstəsinə qarşıdır. Xalqını, həqiqəti, azadlığı, ədaləti çox sevir, ləyaqətini uca tutur, rejim də ona düşməncəsinə yanaşır”.
Baş Prokurorluğun 19 may 2020-ci il məlumatına əsasən, Almaniyada sığınacaq alaraq yaşayan Məmmədov Qabil Əmrah oğlunun Azərbaycanda terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub: “Cinayət işinin istintaqı zamanı Qabil Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum edilmiş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsilə yayımladığı çoxsaylı çıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycanın hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib”.
Hazırda daha dörd cəbhəçi həbsdədir.
2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətova ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı irəli sürülüb. Bu ittiham 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.