ABŞ Konqresinin aşağı palatasında (Nümayəndələr Palatası) rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ötən il Almaniyada müalicə olunarkən barəsində cinayət işi açılmasında və bu il yanvarın 17-də müalicədən dönərkən Moskvada həbs edilməsində əli olan 35 nəfərə sanksiya qoyulmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Novator.az-ın məlumatına görə, konqresmen Pol Massaro layihənin artıq aşağı palatanın reqlament komitəsində təsdiqləndiyini açıqlayıb.
Bu ilin yanvarında Navalnı tutulanda onun tərəfdarları 35 nəfərlik bir siyahı dərc etmişdilər və ABŞ rəhbərliyini siyahıda adı olan şəxslərə sanksiya qoymağa çağırmışdılar. Tərəfdarları bildirmişdilər ki, Navalnının cinayət məsuliyyətinə cəlb edilməsində və tutulmasında bu adamların əli var.
Nümayəndələr Palatasının reqlament komitəsinin təsdiqlədiyi qanun layihəsindəki siyahı Navalnı tərəfdarlarının tərtib etdiyi siyahıya xeyli uyğun gəlir.
Qanun layihəsindəki siyahıda oliqarxlar Roman Abramoviç, Əlişir Usmanov, Oleq Deripaska, “Qazprom”un sədri Aleksey Miller, “Rostneft”in rəhbəri İqor Seçin, “Birinci kanal”ın baş direktoru Konstantin Ernst, “Russia Today”in baş redaktoru Marqarita Simonyan, “Rossiya-1” kanalının jurnalisti Vladimir Solovyov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin, Federal Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Bortnikov, Rusiya Qvardiyasının komandanı Viktor Zolotovun, yanvarın 18-də Navalnı barəsində həbs qətimkan tədbiri seçmiş Ximki Şəhər Məhkəməsi hakiminin, Ximki Şəhər Polis İdarəsi rəisinin və digərlərinin adları var.
Sanksiya layihəsi “Maqnitski aktı”na əsaslanır və ABŞ-ın builki müdafiə büdcəsinə düzəliş kimi nəzərdə tutulur. Bu yaxınlarda ABŞ-da “Şimal axını-2” qaz kəmərinin çəkilişi ilə əlaqədar sanksiya da məhz bu formada qəbul edilmişdi.
Layihə Konqresin aşağı və yuxarı palatalarından keçməli və bundan sonra altı ay ərzində ABŞ prezidentinin administrasiyası ona baxmalı, sanksiyanın qüvvəyə minib-minməməsi haqda qərar verməlidir.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozması ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.
Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Aleksey Navalnı 2021-ci il yanvarın 17-də Şeremetyevo aeroportunda tutulandan bəri onun azadlığa buraxılması tələbi ilə Rusiyanın bir çox şəhərində və regionlarında kütləvi etiraz aksiyaları keçirilib.
Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. 2021-ci il aprelin 26-da Rusiya Baş Prokurorluğunun sanksiyası ilə fondun ofislərində axtarışlar aparılıb, qurumun işi dayandırılıb. Az sonra Moskva Şəhər Prokurorluğu Korrupsiya ilə Mübarizə Fondunun ekstremist təşkilat kimi tanınması üçün Moskva Şəhər Məhkəməsində iddia qaldırıb. İyunun 9-da məhkəmə iddianı təmin edib, qurumun ekstremsit təşkilat sayılması və ləğv edilməsi haqda qərar çıxarıb. Qərar dərhal qüvvəyə minib. Avqustun 10-da Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyət və ya terrorla məşğul olan şəxslər və təşkilatlar siyahısına daxil edilib. Avqustun 31-də fondun Rusiyada hüquq şəxs kimi fəaliyyəti rəsmən dayandırılıb.