Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına seçkinin ilkin nəticələri açıqlanıb.
Səsvermə sentyabrın 17-si, 18-i və 19-da keçirilib. Dumanın 225 deputatının seçildiyi proporsional sistem üzrə 14 partiya mübarizə aparıb. Novator.az bildirir ki, 5 partiya 5 faizlik səs həddinə çataraq mandat qazanmaq imkanı əldə edib. Vahid Rusiya Partiyası 48,97% səslə liderdir, Kommunist Partiyası 20,05%, Liberal Demokrat Partiyası 7,61%, Ədalətli Rusiya Partiyası 7,38%, Yeni Adamlar Partiyası 5,46% səs toplayıb.
Majoritar sistemə gəlincə, 225 dairənin 195-də Vahid Rusiya Partiyası önə çıxıb, 15 dairədə Kommunist Partiyası, 7 dairədə Ədalətli Rusiya Partiyası qalib gəlir, Liberal Demokrat Partiyası, Vətən Partiyası, Vətəndaş Platforması Partiyası, Yabloko Partiyası, Yüksəliş Partiyası hərəyə 1 mandat, müstəqil namizədlər 3 mandat götürür.
Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir.
Hakim Vahid Rusiya Partiyasına Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev liderlik edir.
Dmitri Medvedyev 2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub.
İndiki dövlət başçısı Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir olub, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000 və 2004-cü illərdə prezident seçilib.
2008-ci ildən baş nazir kürsüsündə əyləşib, 2012 və 2018-ci illərin prezident seçkilərində qalib gəlib.
Mənbə: Cikrf.ru