“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”
- 18 Sentyabr 2021
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Meydan.tv dövlət xadimi Eldar Həsənovun sentyabrın 17-si Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş mühakimə prosesinin bəzi detallarını yayıb. Məlumata görə, Eldar Həsənov ifadəsində deyib ki, səhhətindəki problemlər daha da kəskinləşib, ancaq onu xəstəxanaya köçürmürlər: “Son dörd gündür səhhətim çox pisdir, kritikdir. Həkimlər də bildirir ki, mənim stasionar müalicəyə ehtiyacım var. Deyirlər ki, məhkəmə prosesin keçirilməsini, mənim məhkəməyə gətirilməyimi təkid edir. Belə insani münasibət olmaz. Qərəzi də bu səviyyədə yürütməzlər”.
Prosesə sədrlik edən Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev deyib: “Eldar müəllim, uzun müddət hüquq sistemində yüksək vəzifələrdə işləmisiniz. Bilirsiniz ki, sizin xəstəxanaya köçürülməyiniz üçün məhkəməyə tibb ekspertizasının rəyi lazımdır. Bu rəy isə yoxdur. Ona görə də sizin xəstəxanaya köçürülməyiniz mümkün deyil. Vacib deyil ki, sizin məhkəməniz günün sonuna qədər keçirilsin. Nə qədər imkanınız çatır, o qədər keçirərik prosesləri. Amma siz məhkəmədə olmalısınız”.
Eldar Həsənovun hakimə cavabı belə olub: “Mən ekspertizanın hərəkətlərini gördüm. Təcridxanada ekspertizanın həkimləri gəldi, mənim xəstəliyimi, qəbul etdiyim dərmanların adını bilmədikləri halda kənardan baxıb getdilər. Guya xəstəliyi öyrənib qayıdacaqdılar. Vəkilim Adəm Məmmədovla 1 saat 5 dəqiqə ekspertizanı gözləmişik. Axırda nəzarətçilər gəlib dedi ki, ekspertiza gəlməyəcək. Sonda da rəy verdilər ki, Eldar Həsənovun təcridxanada qalmasına etiraz etmirik.
Mən ekspertizadan nə gözləyim? Mən istintaqın da, ekspertizanın da işini, qərəzini görürəm. Məhkəmədən də heç bir ədalət və obyektivlik gözləmirəm. Amma möhtərəm hakim, ədalətinizi və vicdanınızı itirməyin. Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki, Eldarın oradan cəsədi çıxacaq. Bundan sonra sizdən nə gözləyim? Sizin hansı tapşırıq aldığınızı da bilirəm”.
Səfirlik üçün bina alınması üzrə ittihamlardan danışan Eldar Həsənov deyib: “Heç bir obyektin alınmasında müqaviləni səfirlik hazırlamayıb. Müqaviləni əmlak şirkəti hazırlayıb, əmlak sahibi ilə razılaşdırıb, Azərbaycan Xarici İşlər Nazirliyinə göndərib, nazirlik də təsdiqləyib. Orada nə mənim, nə də səfirliyin hər hansı əməkdaşının imzası var. Müqavilə təsdiqlənəndən sonra gətirib deyiblər ki, bu qədər pul bu adama verilsin, bu qədər pul da hesaba köçürülsün. Amma müstəntiq nə pul köçürülən şirkəti araşdırıb, nə də pulu kimin köçürdüyünü. Niyə araşdırmırlar? Əmlak sahibi ifadəsində də göstərib ki, əmlakın dəyəri müqavilədə göstərilən qədər tam ödənib. İndi əmlak sahibi vergidən yayınmaq üçün belə razılaşıb, niyə Eldar Həsənov günahkar olmalıdır?”
Sarayevodakı obyektin alınmasına toxunan Eldar Həsənov deyib ki, istintaq xəzinədarı dindirəndə ondan əmlak sahibi və Eldar Həsənovla üçlükdə görüşüb əmlakın qiymətini müzakirə etməsi haqda soruşub: “Xəzinədar cavabında deyib ki, mən nə əmlak sahibini, nə də Eldar Həsənovu görmüşəm. Amma müstəntiq ittihamda yazıb ki, Eldar Həsənov əmlak sahibi ilə görüşüb sövdələşib. Hansı əsasla yazıb bunu? Hamı bilir ki, səfirin layihələrə ayrılan vəsaitlərə müdaxilə etmək ixtiyarı yox idi. Bunun üçün nəzarət komissiyası var və nəzarəti də o komissiya həyata keçirir. Lap istintaq hansısa layihədə yeyinti olması qənaətinə gəlibsə, niyə araşdırmır ki, bu layihə kimin vasitəsilə, kimin nəzarəti ilə həyata keçirilib, pulu kim mənimsəyib? Buna görə mən niyə cavab verməliyəm?”
Eldar Həsənov vurğulayıb ki, Xarici İşlər Nazirliyi layihəni kimin icra etdiyini, pulun kimə ayrıldığını açıq şəkildə yazıb göndərib: “Müstəntiq niyə layihəyə nəzarət edən adamı mənimlə əlaqələndirir? Həmin şəxs mənə tabe olmayıb axı. Kimsə layihəyə dəyişiklik edibsə, saxtakarlığa yol veribsə, mən niyə günahkar olmalıyam?
İstintaq dövründə istər ölkədə, istərsə də xaricdə xeyli insan dindirilib. Onların arasında bir nəfər də Eldar Həsənovu tanıdığını, onunla görüşdüyünü deməyib. Hətta türk şirkətinin nümayəndəsi ifadəsində mənim adımı Eldar Hüseynov yazıb, müstəntiq də ittihama elə köçürüb. Heç kim mənim əleyhimə ifadə vermədiyi halda müstəntiq bu rəqəmləri haradan tapıb? Mənim müstəntiqə yazığım gəlir. Layihələrin heç birinin icraçısı səfirlik deyil. Səfirlik bu prosesdə poçtalyon rolunu oynayır. Avropada belə araşdırma aparılsa, Avropa dağılar”.
Meydan.tv həmçinin bildirir ki, 17 sentyabr prosesində vəkili Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatət qaldırıb, amma məhkəmə buna razı olmayıb.
Daha sonra Eldar Həsənovun durumu pisləşib, məhkəməyə təcili yardım çağırılıb. Həkimlər onun təzyiqinin kəskin yüksəldiyini bildiriblər. Eldar Həsənov xərəyə uzadılıb, ona oksigen balonu qoşulub. Həkimlər bu vəziyyətdə məhkəmədə iştirakının mümkün olmayacağını deyiblər, proses sentyabrın 20-nə qədər təxirə salınıb.
1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professor, pedaqoq, kitab, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur həbs edilib.
İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.
Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. 2021-ci il avqustun 16-da məlumat yayan Baş Prokurorluq bəyan edib ki, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
Həmin gün açıqlaması yayılan Eldar Həsənov qeyd edib ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir.
Məhkəmə prosesi sentyabrın 3-də start götürüb.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun səhhəti ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.
2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb. İyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb.
Eldar Həsənov avqustun 2-dən 17-dək yenə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi