Peyvənd olunmayan insanların COVİD-19-dan ölmə ehtimalı peyvənd olunanlarla müqayisədə 11 qat artıqdır. Bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin apardığı araşdırma göstərib.
Novator.az-ın məlumatına görə, məsələ ilə bağlı ABŞ-ın “Vaşinqton Post” qəzetində yazı dərc edilib.
Məqalədə deyilir ki, bu ilin yaz-yay aylarında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi COVİD-lə bağlı üç böyük tədqiqat aparıb.
Peyvəndlənməyən adamların peyvəndlənmiş adamlarla müqayisədə COVİD-dən ölmə ehtimalının 11 dəfə artıq olduğu həmin tədqiqatlardan biri nəticəsində üzə çıxıb. Eyni zamanda COVİD-19 infeksiyasına görə xəstəxanaya düşənlərin arasında peyvəndlənməyənlərin sayının peyvəndlənmiş insanlarla müqayisədə 10 dəfə çox olduğu aydınlaşıb.
Mərkəzin digər tədqiqatı koronavirus xəstəliyinin qarşısının alınmasında “Moderna” peyvəndinin “Pfizer”-“BioNTech” və “Conson və Conson” peyvəndlərindən daha təsirli olduğunu təsdiqləyib. Bu tədqiqat iyun-avqust aylarında ABŞ-ın 9 ştatında yerləşən xəstəxanalarda, təcili yardım şöbələrində, ümumilikdə 32 min pasiyent üzərində aparılıb. Nəticələrə görə, “Moderna” vaksini koronavirus xəstəliyinin güclənməsinin qarşısını 95%, “Pfizer”-“BioNTech” vaksini 80%, “Conson və Conson” vaksini 60% ala bilir.
“Moderna”nın daha effektli olmasının səbəbi tam açıqlanmır. Ancaq ehtimal olunan variantlardan biri onun tərkibindəki aktiv qatışıqların sayının çox olması və daha artıq antitel yaratmasıdır. “Moderna” peyvəndinin iki dozası arasındakı intervalın daha uzun – dörd həftə olması da onun üstünlüyü kimi qeyd edilir.
“Vaşinqton Post”un məqaləsində bildirilir ki, yeni tədqiqatların nəticələri ümumilikdə başqa araşdırmaların nəticələri ilə üst-üstə düşür: vaksinlər hətta delta variantının tüğyan etdiyi indiki dövrdə də insanların çoxunu xəstəxanaya düşməkdən və ölümdən qoruyur.
ABŞ-da koronavirus indiyədək 685 mindən çox insanın həyatına son qoyub. Son vaxtlar gündəlik ölümlərin sayı mart ayından bəri ən yüksək həddə çatıb.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, hazırda koronavirusa yoluxmaların 99%-nə virusun delta variantı səbəb olur.
Mərkəzin üçüncü tədqiqatı delta variantının xüsusən yaşı 65-dən yuxarı insanlar arasında vaksinlərin təsirini bir qədər zəiflətdiyini göstərib.
Orta hesabla “Pfizer”-“BioNTech” və “Moderna” vaksinləri virusa yoluxanların xəstəxanaya düşmə riskini 87% azaldır. 18-64 yaşlarındakı insanlar arasında bu göstərici daha yüksək – 95%-dir. Yaşı 65-dən yuxarı olanlarda isə göstərici zəifləyərək 80%-ə düşüb. Amma “Vaşinqton Post” yazır ki, peyvəndlər yaşı 65-dən yuxarı olan insanların da əksərinin xəstəliyi ağır keçirməsinə mane olur, onları ölümdən qorumağı bacarır.
Cons Hopkins Universitetinin Blumberq İctimai Sağlamlıq Məktəbinin direktoru Uilyam Moss “Vaşinqton Post”a açıqlamasında deyib ki, biz vaksinlərin infeksiyaya yoluxmanın və virusun yayılmasının qarşısını almağa kömək edəcəyinə inandığımız üçün peyvəndlərə münasibətdə gözləntilərimizi çox böyüdürük: “Əslində isə vaksinlər insanları xəstəliyi ağır keçirməkdən qoruyur”.
Mənbə: Washingtonpost.com