Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu öz yerinə hazırlayırmı? Novator.az saytı xəbər verir ki, “Əl-Cəzirə” telekanalının internet səhifəsində bu variantın mümkünlüyü barədə yazı dərc edilib.
Yazıda xatırladılır ki, 2020-ci ildə konstitusiyaya edilən dəyişiklik ilk dəfə 2000-ci ildə prezident seçilmiş Vladimir Putinə 2036-cı ilədək bu postda qalmaq hüququ verir. Ancaq bir yandan hakimiyyətinin ömrünü uzatmaqla məşğul olsa da, o biri yandan 70 yaşın astanasında olan Rusiya liderinin general Şoyqunu öz yerinə hazırladığı sezilir.
Məqalədə deyilir ki, Putin faktiki bütün rəqiblərini sıradan çıxarıb: onlar ya öldürülüb, ya həbs olunub, ya ələ alınıb, ya da siyasi cəhətdən tamam zəiflədilərək hakimiyyətə yiyələnmək şansından məhrum edilib.
Putinin 2008-ci ildə prezident kimi ikinci səlahiyyət müddətini başa vuranda varisi rolunda çıxış etmiş, həmin il prezident seçilib 4 il Rusiyanın dövlət başçısı postunda oturmuş, sonra yenidən prezident postunu həmin illərdə de-yure hökumətə, de-fakto ölkəyə rəhbərlik edən Putinə təhvil vermiş Dmitri Medvedyev isə 2020-ci ildə Nazirlər Kabinetinin sədrliyindən uzaqlaşdırılıb, Təhlükəsizlik Şurası sədrinin müavini kimi sabiqlər üçün fəxri postlardan sayılan bir posta təyin edilib. “Əl-Cəzirə”dəki məqalədə deyilir ki, bu, Putinin Medvedyevi daha öz varisi qismində görmədiyi anlamına gəlir.
Bəs indi Putin kimə varis gözüylə baxır?
Məqalədə vurğulanır ki, böyük ehtimalla həmin adam Sergey Şoyqudur. Yazıda bir çox müşahidəçinin bu qənaətdə olduğu bildirilir. Qeyd olunur ki, Sergey Şoyqu 9 ildir müdafiə naziri vəzifəsini tutur və siyasətçilər arasında populyarlığına görə Vladimir Putindən sonra ikinci yerdə dayanır.
“Əl-Cəzirə”nin məqaləsində deyilir: “Şoyqu olduqca paradoksal şəxsiyyətdir. Adı tipik rus adıdır, halbuki özü türkdilli buddaçıların yaşadığı kasıb Tuva əyalətindəndir. Bu əyalət Çinin şimal-qərbi ilə sərhəddə yerləşir və Rusiyada qətllərin, intiharların ən çox baş verdiyi ərazilərdən sayılır.
Bəzi tuvalı intellektuallar hətta Şoyquya monqol sərkərdəsi Subutayın reinkarnasiyası – yenidən doğuluşu kimi baxırlar. Səkkiz yüz il qabaq Subutayın qoşunu indiki Rusiya və Ukrayna torpaqlarının altını üstünə çevirmişdi.
Sergey Şoyqu öz karyerasına 1990-cu illərdə fövqəladə hallar naziri kimi başlayıb. Onun rəhbərliyi dövründə Fövqəladə Hallar Nazirliyi yüksək səviyyədə hərbiləşdirilmiş quruma çevrilib və Putin hakimiyyətə gələnədək ən nüfuzlu qurumlardan biri olub.
2012-ci ildə müdafiə naziri təyin edilənə qədər liberal-demokrat sayılan Şoyqu ordunun başına gələndən sonra Kremlin ən uğurlu əməliyyatlarına – Ukraynanın Krım yarımadasının ilhaqına və Suriya prezidenti Bəşər Əsəd hakimiyyətinin xilasına rəhbərlik edib.
2021-ci ilin 19 sentyabrında Rusiyada keçiriləcək parlament seçkisi ərəfəsində Putin Şoyqunu sürətlə nüfuzdan düşməkdə olan hakim Vahid Rusiya Partiyasının siması – faktiki xilaskarı təyin edib (Partiyanın proporsional siyahısında Şoyqu ilk sıradadır – red.).
66 yaşlı Şoyqunu tez-tez televiziya ekranlarında Putinlə birlikdə balıq tutarkən, ov edərkən görmək mümkündür. Bu da bir çox insanda onun ən real varis olması qənaətini formalaşdırır”.
Almaniyanın Bremen Universitetinin alimi Nikolay Mitroxin də “Əl-Cəzirə”yə açıqlamasında deyib ki, indiki anda Sergey Şoyqunun varislik şansı digərlərindən daha çoxdur.
Mənbə: Aljazeera.com