Sentyabrın 14-də prezident İlham Əliyev Rafiq Əsgər oğlu Cəlilovu Cəlilabad rayonunun, Rəşad Ənvər oğlu Tağıyevi Şəmkir rayonunun icra hakimiyyətinin başçısı təyin edib.
Rafiq Cəlilov bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Rəşad Tağıyev əvvəllər Bakı Şəhər Təhsil İdarəsinin müdiri işləyib, icra başçısı təyin olunanadək Təhsil Nazirliyində şöbə müdiri vəzifəsini tutub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Namiq Zeynalov 2020-ci ilin dekabrında, Şəmkir Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprelində həbs olunub. Hər iki şəxs həbs olunduqları ay tutduqları vəzifədən azad edilib.
AZƏRTAC-ın məlumatına görə, sentyabrın 14-də prezident İlham Əliyev Rafiq Cəlilovu və Rəşad Tağıyevi video formatında qəbul edərək deyib: “Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, gündəlik həyatda elə işləyin, elə çalışın həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin, təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunublar.
İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi.
Son illər ərzində bir çox yüksəkvəzifəli məmur, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilib. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm – əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq”.