Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
- 14 Sentyabr 2021
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Sentyabrın 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində məhbus dövlət xadimi Eldar Həsənovun cinayət işi üzrə proses yarımçıq qalıb. Meydan.tv iclasın bəzi detallarını yayıb.
İclasda Eldar Həsənov məhkəmə iclaslarının həftədə iki dəfə yox, bir dəfə keçirilməsini xahiş edib, səhhətindəki problemlərin həftədə iki dəfə məhkəməyə gətirilib-aparılmasına imkan vermədiyini deyib.
Vəkil Cəlil Mirzəyev də bunun tərəfdarı olduğunu vurğulayıb, deyib ki, təqsirləndirilən şəxsin və onun vəkilinin hər məhkəmə iclasından sonra üç gün ərzində prosesin protokolu ilə tanış olmaq hüququ var, amma vaxt çatışmazlığı buna imkan vermir.
İclasa sədrlik edən hakim Əfqan Hacıyev deyib ki, təcrübədə hər iclasdan sonra protokolun verilməsi halı yoxdur, yalnız hökmdən sonra bütün iclasların protokolları birlikdə üç gün ərzində təqdim olunacaq.
Eldar Həsənov prosesin qapalı keçirilməsi məsələsini bir daha qaldırıb: “Çünki mən hər epizod üzrə ifadə verəndə adlar açıqlamalıyam, ətraflı danışmalıyam. İstəmirəm ki, həmin məsələlər ictimailəşsin. Mən 15 epizod üzrə təqsirləndirilirəm. Bunların hər biri üzrə ayrı-ayrılıqda danışmalıyam, ittihamın əsassızlığını ortaya qoymalıyam”.
Hakimlər cinayət işində dövlət sirri təşkil edən məlumatların olmadığını deyərək prosesin qapalı keçirilməsinə razılaşmayıblar.
1955-ci il təvəllüdlü Eldar Həsənov daxili işlər nazirinin birinci müavini, baş prokurorun birinci müavini, baş prokuror vəzifələrində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də tutulan Eldar Həsənovu Baş Prokurorluğun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham edib. Rəsmi iddiaya görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
Meydan.tv-nin məlumatına görə, 13 sentyabr prosesində Eldar Həsənov xarici ölkələrdə səfirlik binalarının alınması zamanı yeyintiyə yol verilməsi ittihamından danışıb, deyib ki, nə onun, nə də səfirlik əməkdaşlarının bu prosesdə iştirakı olub: “Səfirlik üçün binaların alınmasına xarici işlər nazirinin müavininin sədrliyi ilə yaradılan komissiya nəzarət edirdi. Bina seçimindən tutmuş vəsaitin ödənməsinə qədər bütün prosesi komissiya icra edirdi.
Azərbaycan hökumətinin qərarı ilə 2009-2014-cü illərdə xarici ölkələrdəki səfirliklər üçün binalar alınıb. Mən də o dövrdə hansı ölkələrdə səfir olmuşamsa, binalar alınıb. O binaları özüm almamışam. Məsələn, Rumıniyadakı binanın alınması üçün xarici işlər nazirinin müavini Vaqif Sadıqovun sədrliyi ilə komissiya yaradılmışdı. Eynilə Belqraddakı binanın alınması da nazir müavininin rəhbərliyi altında komissiyanın əli ilə həyata keçirilib. Ora gəliblər, həmin binaya baxıblar. 6 bina təklif olunmuşdu, komissiya onun 4-nü bəyəndi. Qərarı da onlar verdilər. 4 bina arasından necə seçim edilib, necə alınıb – bu proseslərdə mən iştirak eləməmişəm. Aktda da nə mənim imzam var, nə də səfirlik əməkdaşlarının. Əmlak şirkəti ilə də komissiya maraqlanıb, onlar müqavilə bağlayıb. Alqı-satqıda pulun yarısı nağd verilib, yarısı da bank hesabına köçürülüb. Bunu əmlak sahibi də ifadəsində təsdiqləyir ki, alqı-satqı prosesində mənim rolum olmayıb. O etiraf edib ki, vergi vermək istəmədiyinə görə vəsaitin bir hissəsini nağd alıb. Bu ifadə ola-ola müstəntiq nə istəyir, məlum deyil. Müstəntiq bilə-bilə ki, bizlik heç nə olmayıb, günahı səfirliyin üstünə atır”.
Eldar Həsənov deyib ki, Monteneqrodakı binanın sahibi iki qardaş olub, onların biri ödənişi nağd, digəri isə köçürmə yolu ilə istəyib: “Qardaşlar bir-biri ilə prinsip aparırdılar. Mən mötəbər şəxsin köməkçisi ilə əlaqə saxlayıb bu barədə danışdım, məlumat verdim ki, belə bir problem var. Sonra məsələni onlar özləri həll elədilər. Qardaşın birinə pul nağd ödəndi, o birinə köçürmə yolu ilə. Obyekt sahibi ifadəsində bildirib ki, binanı 3 milyona istədilər, vermədim. Bina 4 milyona alınıb. Müstəntiq burada 1 milyon 400 min yeyinti aşkarlayıb. Adam öz dili ilə deyir ki, mən 3 milyona verməmişəm, 4 milyondan 1,4 milyon yeyintini müstəntiq necə çıxarıb, aydın deyil. Mən 24 il hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm, amma bu işdəki qədər saxtakarlığa rast gəlməmişəm. Sənəd əlinin altında ola-ola heç birini araşdırmayıb”.
Bosniya və Herseqovinadakı binadan danışan Eldar Həsənov bildirib ki, bu ölkənin rəhbəri Bakıya səfərində Azərbaycanın səfirlik açmasını təklif edib: “Bosniya və Herseqovina rəhbəri Bakıdan qayıdandan sonra məni qəbul elədi. Binanı da təklif elədi, dedi ki, satan da müsəlmandır. Görüşdən sonra mən danışdıqlarımızı məktub formasında prezidentə, baş nazirə və xarici işlər nazirinə göndərdim. Mənə dərhal tapşırıq gəldi ki, həmin bina alınsın. O bina da alındı. O proses də mənim iştirakımla olmayıb”.
Prokuror etiraz edərək bildirib ki, ittihamda söhbət Sarayevoda evin alınmasından gedir.
Bu haqda danışan Eldar Həsənovun sözlərinə görə, evin alınması ilə bağlı da komissiya yaradılmışdı: “Onlar da 5 nəfər gəlmişdilər, qarşılayıb yerləşdirmişik, gedib üç ünvana baxıblar, birini özləri seçiblər. Komissiyanın sədri özü seçib. Pul köçürülməsinə gəlincə, bir hissəsini nağd veriblər, bir hissəsini isə “Scana” şirkətinə köçürüblər. Bu şirkətin hesabı da Aşur adlı adamın adına olub. Müstəntiq bunu araşdırmır ki, şirkət kimindir. O, Böyük Britaniyada qeydiyyatdan keçmiş ofşor şirkətdir, sahibi də bəllidir. Sadəcə, Aşur adlı azərbaycanlı ortada vasitəçidir, pul onun hesabına köçürülür. Ona bu cür köçürmələrə görə bir neçə yüz dollar pul verilir. Müstəntiq bu faktların heç birini araşdırmayıb, üstündən keçib”.
Eldar Həsənov istintaq zamanı çox qanunsuzluğa yol verildiyini vurğulayıb: “Obyektiv və hərtərəfli araşdırma üçün zəruri olan sənədlərin heç biri cinayət işinin materiallarında yoxdur. Bu qədər amansız, qəddar, qanunsuz münasibət olar? Nə tender komissiyası, nə tenderdə iştirak edən şirkətlər nəzərə alınıb, nə protokollara baxılıb. Ortada guya 50 cildlik cinayət işi var, amma içi boşdur, heç nə yoxdur. Nəsə varsa, qoysunlar ortaya. Azərbaycan İtaliyada, Fransada, Xorvatiyada və bir çox başqa ölkədə humanitar layihələr həyata keçirib. O ölkələrdə səfirliyin həmin layihələrdə olan ödənişlərə müdaxiləsi, onların vaxtında icra olunmaması mümkün deyil. Bircə şikayət varmı səfir olduğum ölkədə layihənin gecikməsindən, keyfiyyətsiz icra olunmasından? Prezidentin, xarici işlər nazirinin, səfirin adına təşəkkür məktublarından başqa heç nə yoxdur. Mən istisna etmirəm ki, subpodratçı ilə baş podratçı arasında hansısa saxtakarlıq, vergidən yayınma və sair ola bilər. Amma bunlar olsa belə, kimə aiddir? Ən vacib sənədlərdən biri işlərin təhvil verilməsi ilə bağlı aktdır. İşlərin təhvil-təsliminə dair akt cinayət işində yoxdur. İstintaq dərk eləməyib ki, təhvil-təslim aktı vacib sənəddir. Bu sənədlə ayrılmış vəsaitin yekununa qiymət vermək olur”.
Bu yerdə prokuror müdaxilə edərək Eldar Həsənovun istintaqla bağlı dediklərinə etirazını bildirib: “Müstəntiq burada yoxdur, ona görə belə fikirlərdən yayınaq. Mən öz qurumumun əməkdaşını müdafiə etməyə məcburam. Onu haqlı da sayıram. Layihə-smeta sənədi o vaxt araşdırma predmeti olardı ki, nəzərdə tutulan vəsait ayrılmasın, yaxud başqa problem olsun”.
Eldar Həsənov israrla bildirib ki, bu sənədlərin hər birinə ehtiyac var və onlar işin içində olmalı idi: “Baş podratçı qismində sifarişçi kimi Azərbaycan Xarici İşlər Nazirliyi sənədi imzalayıb, işin bir qisminin icrası bir neçə şirkətə həvalə olunub. Bir şirkətlə bağlı yoxlama aparılıb, digərləri ilə bağlı yox. Müstəntiq özündən 803 minlik rəqəm yazıb. Yoxlamayıb ki, subpodratçı olaraq hansı şirkət hansı işi görüb. Mən dözməyə çalışıram, amma mənim yerimə fələk oğlu fələk də dözməz bu haqsızlıqlara. Mən hər kəsə sözünü çəkinmədən deyən insan olmuşam, heç kimin arxasınca danışmıram. İstərdim ki, istintaqı aparan burada olsun, onun da üzünə deyim bunları. Mənim yerimə kim olsa, yanıb kül olardı. Məni bu hala gətiriblər. İndi deyirlər prokurorluğun adını qoruyum. Mən prokurorluğun yağ-bal içində olduğu vaxtda işləməmişəm, gülləbarana tutulan vaxtında, silahlı hücumlar olanda sinəmi qabağa verib prokurorluğu qorumuşam.
Yeri gəlmişkən, baş prokuror kifayət qədər peşəkar, öz əməyi ilə böyüyən, kimsəsiz, savadlı, istintaqı yaxşı bilən adamdır. Bu mənim mövqeyimdir. Onun şəxsi işində də mənim imzam var. Məsələn, İstintaq İdarəsinin rəhbəri də təcrübəli adamdır. Amma bu o demək deyil ki…”
Bu məqamda prokuror müdaxilə edərək Eldar Həsənovun ittihamın mahiyyətindən kənara çıxdığını vurğulayıb və buna etiraz edib.
Sabiq səfir ona kəskin reaksiya verib: “Mən verilən ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Mənə sənin yol göstərməyinə 40 il var. Başa düşdün? Yerini, həddini bil. Prokurorluğun ünvanına dediyim sözlərin də izahını verirəm. İfadələri, üç xarici ölkənin vətəndaşlarının dediklərini diqqətlə oxuyun. Bir ifadədə Eldar Həsənovu günahlandırmaları, mənimlə telefon əlaqəsi qurmaları, yaxud görüşmələri haqda nəsə varmı? Bir nəfər deyibmi ki, mənim bu layihəni qazanmağımda Eldar Həsənovun köməyi olub? Yoxdur. Bəhruz Əsədbəyli həbsdədir. Əgər işin tam, obyektiv aparılmasının tərəfdarıyıqsa, niyə onu dindirmirlər?” (Eldar Həsənova yaxın olduğu bildirilən iş adamı Bəhruz Əsədbəyli 2020-ci ilin sentyabr ayında həbs edilib, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar rüşvət almada təqsirli bilinir – red.)
İfadəsinin bu yerində Eldar Həsənov müvazinətini itirib və məhkəmə zalında yıxılıb. Bu səbəbdən məhkəmə prosesini davam etdirmək mümkün olmayıb. Proses sentyabrın 17-nə qədər təxirə salınıb.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb