Nazirlər Kabineti dövlət orqanlarına tabe qurumların işlər görməsi və xidmətlər göstərməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə qaydasını təsdiqləyib. Sənədə görə, qurum əldə etdiyi vəsaitdən vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir. Qalan vəsait qurumun işçilərinin, habelə qurumun tabe olduğu dövlət orqanının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsinə və elmi-texniki potensialının artırılmasına istifadə edilə bilər.
Vəsaitin qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi bu istiqamətlər üzrə xərclənir: işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması; işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi; işçilərə maddi yardım göstərilməsi; işçilərin məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənməsi.
Maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması məqsədi üzrə xərc istiqamətləri belədir: malların (işlərin və xidmətlərin) alınması; işçilərin əlavə təhsil alması; maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində digər xərclər.