ABŞ-ın “Associated Press” agentliyinin internet səhifəsində uşaqlarda koronavirusun uzunmüddətli simptomaları mövzusunda yazı dərc edilib.
Novator.az-ın məlumatına görə, yazıda Böyük Britaniyada aparılan yeni tədqiqatın nəticələrinə istinadla bildirilir ki, uşaqlar koronavirus infeksiyasına yoluxandan bir və ya bir neçə ay sonra virusun yeni simptomları ilə qarşılaşa bilərlər.
Ancaq uşaqların böyüklərə nisbətən simptomlardan daha az əziyyət çəkdiyi vurğulanır. Qeyd olunur ki, COVİD-19 infeksiyasının uzunmüddətli simptomları uşaqlarla müqayisədə böyüklərin 30%-də özünü büruzə verə bilər.
Britaniyalı mütəxəssislərin tədqiqatına görə, uşaqların və yeniyetmələrin 4%-ə qədəri yoluxmadan bir ay sonra yorğunluq, başağrısı və iybilmənin itməsi kimi simptomlarla qarşılaşır. Bu əlamətlərin əksəriyyəti iki ay davam edir.
Uşaqların bəzisində öskürək, sinədə ağrı və beyində dumanlanma kimi simptomlar da uzun müddət davam edə bilər. Belə simptomlar hətta xəstəliyi yüngül keçirən uşaqlarda da ola bilər.
“Associated Press” yazır ki, Böyük Britaniyada aparılan araşdırmadan fərqli olaraq bəzi tədqiqatlarda başqa uzunmüddətli simptomlardan da bəhs edilir. Ancaq ümumən mütəxəssislərin əksəri böyüklərlə müqayisədə uşaqlarda belə hallara az rast gəlindiyini vurğulayır. Böyüklərin, qeyd olunduğu kimi, 30%-də koronavirusun uzunmüddətli simptomlarına rast gəlmək mümkündür.
Mütəxəssislər uzunmüddətli simptomların səbəblərini hələ aydınlaşdıra bilməyiblər. Buna əsasən yoluxma nəticəsində daxili orqanın zədələnməsinin və ya virus və iltihablaşmanın orqanizmdən tam sovrulmamasının səbəb olduğu ehtimal edilir.
“Associated Press”in yazısında deyilir ki, həkimlər uşaqlarda koronavirus infeksiyasına yoluxmadan sonra ürəkdə iltihabi xəstəlik, yaxud multisistemli iltihabi sindrom kimi nadir problemlərın yarana biləcəyini qeyd edirlər. Onlar hesab edirlər ki, bu cür problemlər müxtəlif orqanları sıradan çıxarmağa qabil yüksək hərarət və iltihablaşma üzündən törənə bilər.
Yazıda xəstəliyə məruz qalan uşaqların çoxunun xəstəxanaya yerləşdirilməsinə ehtiyac duyulduğu, eyni zamanda onların əksərinin infeksiyadan sağaldığı vurğulanır.
“Associated Press” xatırladır ki, koronavirusun delta variantı dünyada sürətlə yayıldığına görə bəzi həkimlər virusun uşaqları getdikcə daha çox risk altına sala biləcəyindən narahatdırlar.
Pandemiya davam etdiyindən ABŞ Pediatriya Akademiyası koronavirusdan sağalmış uşaqları sonrakı dövrlərdə də həkim nəzarətində saxlamağı məsləhət görür.
Mənbə: Apnews.com