Respublikaçı Alternativ Partiyası yeni sayt yaradıb: Realplatforma.org. Novator.az-ın məlumatına görə, partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yazır ki, platforma sənədləri, seçki tezisləri, qanun layihələrinin yer alacağı saytda istifadəçilərə irad, təklif və düzəlişlər bildirmək imkanı verilir: “Yeni saytımızda ilk sənəd kimi QHT qanunvericiliyinin təkmilləşdirilməsi üzrə qanun layihəmizi yerləşdirmişik. Oxumağı, təklif və qeydlər göndərməyi məsləhət görürük.
Sivil toplum ölkə üçün, dövlətin gələcəyi üçün çox vacib sahədir – vətəndaş olmaq aktiv olmaq deməkdir, vətəndaş olmaq iştirakçılıqdır, vətəndaş olmaq ölkənin gələcəyinə biganə olmamaqdır”.
Respublikaçı Alternativ Partiyası (REAL Partiyası) Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Quruma İlqar Məmmədov sədrlik edir. Partiya Milli Məclisdə 1 mandatla təmsil olunur.