Rusiyalı məhbus müxalif lider, ölkədə fəaliyyəti qadağan edilmiş Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı Baş Prokurorluğu, habelə rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidməti – “Roskomnadzor”u məhkəməyə verib.
Novator.az saytı Rusiyanın “Vedomosti” qəzetinə istinadla bildirir ki, Navalnının iddia ərizəsi sentyabrın 13-də Tver Rayon Məhkəməsində qeydiyyata alınıb.
“Vedomosti”nin yazdığına görə, Korrupsiya ilə Mübarizə Fondunun sabiq direktoru İvan Jdanov özünün “Twitter” hesabında qeyd edib ki, əslində bu, “Ağllı səsvermə” platformasının bloklanması haqda qərarı Avropa İnsan Hüquqları Məhkəməsində mübahisələndirə bilmək üçün verilmiş bir iddiadır.
Sentyabrın 6-da Navalnının müttəfiqi Leonid Volkov “Telegram” kanalında bəyan edib ki, “Roskomnadzor” Navalnının “Ağllı səsvermə” onlayn platformasına girişi Rusiya ərazisində bloklamağa başlayıb. O bildirib ki, “Ağllı səsvermə” Navalnı komandasının Rusiyada bağlanmamış son saytı idi.
“Roskomnadzor”dan “Vedomosti” qəzetinə deyiblər ki, Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Fonduna bağlı bütün informasiya resurlarına girişin məhdudlaşdırılması haqda tələbi var və “Ağıllı səsvermə” platformasına giriş də bu səbəbdən məhdudlaşdırılır.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.
Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Aleksey Navalnı 2021-ci il yanvarın 17-də Şeremetyevo aeroportunda tutulandan bəri onun azadlığa buraxılması tələbi ilə Rusiyanın bir çox şəhərində və regionlarında kütləvi etiraz aksiyaları keçirilib.
Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
2021-ci il aprelin 26-da Rusiya Baş Prokurorluğunun sanksiyası ilə fondun ofislərində axtarışlar aparılıb, qurumun işi dayandırılıb.
Az sonra Moskva Şəhər Prokurorluğu Korrupsiya ilə Mübarizə Fondunun ekstremist təşkilat kimi tanınması üçün Moskva Şəhər Məhkəməsində iddia qaldırıb.
İyunun 9-da məhkəmə iddianı təmin edib, qurumun ekstremsit təşkilat sayılması və ləğv edilməsi haqda qərar çıxarıb. Qərar dərhal qüvvəyə minib.
Avqustun 10-da Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyət və ya terrorla məşğul olan şəxslər və təşkilatlar siyahısına daxil edilib.
Avqustun 31-də fondun Rusiyada hüquq şəxs kimi fəaliyyəti rəsmən dayandırılıb.
“Ağıllı səsvermə” layihəsini Navalnı 2019-cu ildə bələdiyyə seçkiləri zamanı yaradıb. Öz tərəfdarlarını hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq Kremlin namizədi üzərində qələbə qazanmaq potensialı olan namizədə səs verməyə çağıran Navalnının “Ağıllı səsvermə” elektron platforması həmin il Rusiyanın hakim partiyasının Moskva Şəhər Şurasında yerlərin təxminən yarısını itirməsinə gətirib çıxarıb.
Mənbə: Vedomosti.ru