Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 16-da azərbaycanlı siyasətçi Tural Abbaslının şikayəti üzrə qərarını elan edəcək.
Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Tural Abbaslı 2000-2016-cı illərdə Müsavat Partiyasının üzvü olub. 2016-cı ildə o, dövlət qeydiyyatlı Vahid Azərbaycan Partiyasının bazasında Ağ Partiya yaradaraq qurumun sədri seçilib. 2020-ci ildə Ədliyyə Nazirliyi təşkilatı Ağ Partiya kimi tanıyıb.
Hüquqşünas Xalid Ağalıyev yazır ki, Tural Abbaslının Avropa Məhkəməsinə şikayəti inzibati qaydada cəzalandırılması ilə bağlıdır: “Ərizəçi 2012-ci ildə daha əvvəlki inzibati tənbeh tədbirinə əməl etmədiyinə görə 15 sutka inzibati həbs cəzası alıb. Tural Abbaslı barəsindəki məhkəmə prosedurlarının ədalətsizliyindən şikayətlənir. İstədiyi vəkillə təmin olunmadığını, barəsindəki məhkəmə qərarlarının əsaslandırılmadığını bildirən Tural Abbaslı Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş ədalətli məhkəmə araşdırması hüququna müdaxilə baş verdiyini iddia edir”.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.