2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 14 milyard 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 113,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,7 faiz artıb, səkkiz ayda istehlak məqsədilə alınan mallara xərclənən vəsaitin 49 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Başqa açıqlamaya əsasən, yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 175 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən məhsul alınıb.
Yeddi ayda ölkənin xarici ticarət dövriyyəsinin 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə faktiki qiymətlərlə 26 faiz artdığı, real ifadədə 6,7 faiz, o cümlədən idxalın 12,4 faiz, ixracın 2,4 faiz azaldığı qeyd edilir.
Hesabata görə, qeyri neft-qaz məhsullarının ixracında 2020-ci ilin yanvar-iyul aylarına nəzərən faktiki qiymətlərlə 30,8 faiz, real ifadədə 17,8 faiz artım rəsmiləşib.