Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. 2022-ci ildə 26 milyard 407 milyon manat büdcə gəliri nəzərdə tutulur.
Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli neft sektorundan 1 milyard 980 milyon manat, qalan sahələrdən 7 milyard 158 milyon manat, ümumilikdə 9 milyard 138 milyon manat vergi daxilolması proqnozlaşdırılmasına diqqət çəkir. O yazır ki, 2021-ci ilin büdcəsində 7 milyard 250 milyon manat vergi daxilolması proqnozu yer alıb: “2022-ci ilin büdcəsində bu rəqəm 9 milyard 138 milyon manata yüksəlir. Artım 1 milyard 888 milyon manatdır. Yəni hökumət gələn il 2 milyard manata yaxın daha çox vergi toplamağı planlaşdırır. Çox ciddi artım, böyük rəqəmdir.
Bəs artım nəyin, hansı sahələrin, harada vergi artımının hesabına olacaq? Bu suala cavab yoxdur. Hökumət vergi dərəcələrini artırmağı düşünürsə, çox böyük səhv edir. Biznes pandemiyadan zülm çəkib, ona əlavə vergi yükü gətirmək, yumşaq desək, insafsızlıq olar.
Yığımı vergi “ağardılması” hesabına 2 milyard manata yaxın artırmaq da inandırıcı deyil.
Yox, hökumət, nəhayət, əlavə dəyər vergisini Dövlət Gömrük Komitəsindən alıb İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə vermək istəyirsə, bu, doğru qərar olar, məhz onda belə kəskin vergi artımı proqnozu məntiqli görünər.
Amma burada da problem var: 2020-ci ildə Dövlət Gömrük Komitəsi 2,7 milyard manat əlavə dəyər vergisi yığıb. Deməli, əlavə dəyər vergisinin gömrük sistemindən alınıb vergi sisteminə verilməsi nəzərdə tutulursa, o zaman daxilolmaların 1,8 milyard manat yox, 3 milyard manata yaxın artımı nəzərdə tutulmalı idi.
Belə çıxır ki, hökumət gələn il həm əhali, həm də biznes üçün vergi yükünü kəskin artırmağı düşünür – bunun başqa izahı yoxdur. Bütün dünya pandemiyaya görə, iqtisadi aktivliyin artırılması üçün vergi-gömrük güzəştləri, biznesə, əhaliyə böyük yardım paketləri qəbul edir, bizim hökumət isə əhalini və biznesi daha çox soymağı düşünür. Hökumət açıqlama versin ki, vergi daxilolmalarının 2 milyard manata yaxın artırmağı hansı mənbələr hesabına nəzərdə tutur”.