Yaponiyanın dövlət teleradio şirkəti bugünlərdə Rusiyada İkinci Dünya müharibəsi dövründə SSRİ-nin Yaponiya üzərində qələbəsinə həsr olunmuş anım tədbirlərinin keçirilməsinə reaksiya verib.
Novator.az-ın məlumatına görə, Yaponiya Dövlət Televiziya və Radio Şirkəti (NHK) bildirib ki, belə tədbirlər, həmçinin mərasimlərin SSRİ-nin İkinci Dünya müharibəsinin sonunda işgal etdiyi Kuril adalarında keçirilməsi hazırda Rusiyanın bu ərazilərdə daha da möhkəmlənmək niyyətində olduğunu və Yaponiyanın şimal ərazilərini (Yaponiyada Kuril adaları belə adlandırılır) özününkü hesab etdiyini göstərir.
NHK-nın materialında vurğulanır ki, Rusiya hökuməti əvvəlcə Yaponiya ilə müharibənin bitməsi tarixini sentyabrın 2-nə – Yaponiyanın qeyd-şərtsiz kapitulyasiya aktı imzaladığı tarixə təyin etmişdi. Ancaq ötən il Rusiya müharibənin bitməsi tarixini sentyabrın 3-nə, yəni sovet dövründə Yaponiya üzərində qələbənin qeyd olunduğu tarixə keçirib.
2021-ci il sentyabrın 3-də Rusiyanın Saxalin vilayətində, həmçinin vilayətə daxil olan Kuril adalarında Rusiya hərbi qüvvələri paradlar və digər təntənəli tədbirlər təşkil edib.
Adalarınn birində – Kunaşirdə keçirilən tədbirlərdə 1500-dən çox hərbçi və yerli sakinlər iştirak edib. Parada qatılan hərbçilərə gül-çiçək dəstələri təqdim olunub. Hərbçilərin yürüdüyü yerlərə keçmiş döyüş meydanlarını təcəssüm etdirən üçbucaq daş sütunlar düzülüb.
Rusiyalı hərbçilər Kuril adalarında Yaponiyaya qarşı aparılan əməliyyatlardan epizodları səhnələşdirərək teatral üslubda nümayiş etdiriblər.
İkinci Dünya müharibəsinin sonunda sovet ordusunun geyindiyi formada olan Rusiya hərbçiləri əllərində silah paraşütlə sahilə enərək Yaponiya ordusunun İkinci Dünya müharibəsi dövründəki bayrağının dalğalandığı coğrafi nöqtələrə hücum və döyüş səhnələrini canlandırıblar.
Yaponiya Dövlət Televiziya və Radio Şirkətinin təqdim etdiyi materialda vurğulanr: “Sentyabrın 3-də Vladivostokdakı iqtisadi forumun açılışında Rusiya hakimiyyəti Yaponiyanı şimal adalarının inkişafı üçün bu ərazilərə sərmayə yatırmağa çağırıb. Amma o biri yandan da eyni gündə israrla İkinci Dünya müharibəsinin nəticələrinə görə həmin ərazilərin Rusiyanın ayrılmaz parçasına çevrildiyini nümayiş etdirib. Bu fakt bir daha sübut edir ki, Rusiya ərazi problemi ilə bağlı sərt mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil”.
Kuril adaları Rusiyanın şərqindəki Kamçatka yarımadası ilə Yaponiyanın şimalındakı Hokkaydo adası arasında adalar qrupudur. Oxot dənizini Sakit okeandan ayıran Kuril onlarla irili-xırdalı adadan ibarətdir. Uzunluğu təqribən 1200 kilometr, sahəsi təqribən 15,6 milyon kvadrat kilometrdir.
Kuril adaları hazırda Rusiya Federasiyasının tərkib hissəsi sayılır. Adalarda əsasən ruslar, ukraynalılar, belaruslar, koreyalılar və tatarlar yaşayırlar. Onlar Rusiya vətəndaşıdırlar.
Kuril adaları XIX əsrin ikinci yarısından XX əsrin ikinci yarısınadək Yaponiyanın tabeliyində olub. İkinci Dünya müharibəsinin sonunda – 1945-ci ildə Sovet İttifaqı adalara sahiblənib.
Xüsusilə SSRİ dağılandan Yaponiya Kuril adalarını geri almaq istəyir.
Mənbə: Tellerreport.com