Böyük Britaniyanın “Daily Express” nəşrində Rusiyanın nüvə enerjisi ilə işləyən nüvə başlıqlı torpedo gəmisinin peyk görüntüləri barədə məqalə dərc olunub.
Novator.az-ın məlumatına görə, müəllif Ceykob Pol məqaləsini Rusiya istehsalı olan “Poseydon” sualtı qayığı barədə əldə edilən məlumatlar əsasında qələmə alıb.
Ceykob Pol yazır ki, “Poseydon” döyüş qayığının ölçüsü təxminən bir avtobus uzunluğundadır: “ABŞ kəşfiyyatı bu silahı qitələrarası nüvə enerjisi və nüvə başlığı ilə təchiz olunmuş döyüş qayığı kimi qiymətləndirir.
Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə çıxışı zamanı ilk dəfə “tam məxfi” torpedo gəmisinin, yəni şər silahının mövcudluğu barədə danışandan sonra “Poseydon” təhlükəsizlik ekspertlərinin böyük marağına səbəb olub.
Əldə olunan yeni görüntülər Rusiyanın bu müasir silahdan necə istifadə edəcəyini anlamağa kömək edir.
Ekspertlərin rəyinə görə, “Poseydon”un konstruksiyası onun suyun dərinliyində yüksək sürətlə hərəkət etməsinə imkan verir.
Artıq belə bir fikir formalaşıb ki, yeni kateqoriyaya aid olan və strateji silahlar cərgəsinə daxil edilən “Paseydon” nüvə təhdidinin xarakterini belə dəyişə bilər”.
Məqalədə bu qorxulu silahın yaranması zərurətindən də söz açılır. Qeyd olunur ki, belə zərurət Vladimir Putinin yeni səsdən iti raket arsenalını “xəbərdarlıq” vəziyyətinə gətirməsindən sonra ortaya çıxıb.
Müəllif Ceykob Pol yazır ki, Vladimir Putin daha çox hərbi baza, infrastruktur, müasir silahlar yaratmaqla Rusiya donanmasının hərbi potensialını artırmağa çalışır.
Rusiyanın müasir silahları sırasında raket konstruksiyaları bürosunun hazırladığı, həm suda, həm quruda hədəfi 1000 kilometrlik məsafədən məhv etməyə qadir olan və səsdən doqquz dəfə sürətlə hərəkət edə bilən raket sistemləri yer alır.
“Maxar Technologies” kosmik texnologiyalar şirkətinin çəkdiyi peyk şəkilləri də təsdiq edir ki, Rusiyanın xüsusi təyinatlı “Akademik Aleksandrov” hərbi gəmisi avtobus ölçüsündə olan bu hərbi obyektə dəfələrlə yaxınlaşıb.
“Daily Express”in yazdığına görə, Rusiyaya məxsus bu hərbi obyekt Şimali Dvina çayının şimal sahilində, onun Ağ dənizə qovuşduğu yerdə yerləşir.
Yeni sahil körpüsünün inşasına 2018-ci ildə başlanıb və tikinti 2020-ci ildə tamamlanıb.
Yeni körpünün yaxınlığında bir müddət əvvəl böyük bina da tikilib. Bu tikilinin “Poseydon”la bağlı işlərə aid olduğu ehtimal olunur.
Güman var ki, “Poseydon”un nüvə başlıqlarının daşıyıcıları yeni sualtı qayıqlar olacaq.
Rusiyanın nüvə raketləri daşıyan ilk sualtı qayıqlarından biri – “Belqorod” (K-329) adlanır. Hazırda yeni körpünün əks istiqamətində, o biri sahildə belə bir qayıq var. Obyektdə həmçinin “Xabarovsk” adlı ikinci sualtı qayığın da inşası üçün işlər aparılır.
2007-ci ildə suya buraxılan “Sarov”(B-90) sualtı qayığı da məhz “Poseydon” ölçüsündə qayığın sınaqdan keçirilməsi məqsədilə yaradılmışdı.
Rusiyanın ən müasir sualtı qayıqlarının çoxunun istehsal edildiyi Severodvinsk şəhəri artıq “Poseydon” atom torpedosu ilə birbaşa əlaqəlidir.
İlk sınaqlar zamanı istifadə olunmuş xüsusi təyinatlı gəmilər və sualtı qayıqlar da burada yerləşir.
“Daily Express”dəki məqalənin sonunda deyilir: “Rusiyanın bu yeni hərbi obyektlərinin müşahidəsi mütəxəssislərə rus donanmasının imkanlarını aydın şəkildə anlada biləcək. Bu müşahidələr həmçinin Rusiyanın yeni proqramına ayıra biləcəyi vəsaitin təqribi həcmini öyrənməyə imkan yaradacaq”.
Mənbə: Express.co.uk