Rusiyada artıq iki həftədən çoxdur polis əməkdaşları həbsdə olan müxalif lider Aleksey Navalnının tərəfdarlarının yaşadığı ünvanlara gedirlər.
Novator.az-ın məlumatına görə, bununla bağlı BBC-nin rusca versiyasında etibarlı mənbələrə istinadla yazı dərc olunub.
Yazıda deyilir ki, bu iş Prezident Administrasiyasının sifarişi ilə həyata keçirilir. Məqsəd “profilaktik söhbətlər” vasitəsilə fəallara təzyiq göstərib bu ay ölkədə keçiriləcək parlament seçkisindən sonra gözlənən etirazların qarşısını almaqdır.
Avqustun 17-dən bəri güc strukturu nümayəndələrinin 11 bölgədə 1421 insanın evinə getdikləri bildirilir.
Qeyd olunur ki, həmin insanlar haqda bilgilər, onların ev ünvanları internetə sızan məlumat bazasından əldə edilib.
Polis əməkdaşları “profilaktik söhbətlər” zamanı adamlardan adlarnın məlumat bazasına necə düşdüyünü və Navalnının başçılıq etdiyi təşkilatlara nə üçün ianə etdiklərini soruşurlar. Bəzi hallarda polislərin insanlardan Navalnının əleyhinə ifadə aldıqları da bildirilir.
Polislərin “Novaya qazeta”nın xüsusi müxbiri İlya Azara və “OVD-İnfo”nun hüquqi yardım üzrə əlaqələndiricisi Anton Taroyantsa da baş çəkdiyi deyilir.
Avqustun 20-də isə Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işçisi “Xolod” jurnalının əməkdaşı Mixail Zelenskiyə telefonla zəng edərək ondan Aleksey Navalnının əleyhinə ərizə yazmasını istəyib. Mixail Zelenski vaxtilə Aleksey Navalnıdan müsahibə götürübmüş.
Bu il Navalnının həbsinə etiraz olaraq Rusiyada bir neçə dəfə kütləvi aksiya keçirilib. Aprel ayında mitinq iştirakçıları haqda məlumat bazası internetə sızıb. Navalnının komandası məlumatları onların keçmiş həmkarı Fyodor Qorojankonun pul mükafatı müqabilində sızdırdığını bəyan edib. Fyodor Qorojanko bunu inkar edib. Məlumat bazasında adı olan, dövlət müəssisələrində çalışan bəzi şəxslər işdən çıxarılıb.
İyul ayında Navalnının təşkil etdiyi “Ağıllı səsvermə” layihəsində qeydiyyatdan keçmiş Moskva sakinlərinin də adları internetə sızıb. Bu məlumatları sızdıranlar səsvermə saytındakı informasiyaları “oğurlamağın”çətin olmadığına işarə vurublar.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.
Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Navalnı 2021-ci il yanvarın 17-də Şeremetyevo aeroportunda tutulandan bəri onun azadlığa buraxılması tələbi ilə Rusiyanın bir çox şəhərində və regionlarında kütləvi etiraz aksiyaları keçirilib.
Aleksey Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. Apreln 26-da Rusiya Baş Prokurorluğunun sanksiyası ilə fondun ofislərində axtarışlar aparılıb, qurumun işi dayandırılıb. Az sonra Moskva Şəhər Prokurorluğu Korrupsiya ilə Mübarizə Fondunun ekstremist təşkilat kimi tanınması üçün Moskva Şəhər Məhkəməsində iddia qaldırıb. İyunun 9-da məhkəmə iddianı təmin edib, qurumun ekstremsit təşkilat sayılması və ləğv edilməsi haqda qərar çıxarıb. Qərar dərhal qüvvəyə minib.
İyulun 27-də Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidməti – “Roskomnadzor” Aleksey Navalnının saytına girişi ölkə ərazisində bloklayıb.
“Ağıllı səsvermə” layihəsini Navalnı 2019-cu ildə bələdiyyə seçkiləri zamanı yaradıb. Öz tərəfdarlarını hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq Kremlin namizədi üzərində qələbə qazanmaq potensialı olan namizədə səs verməyə çağıran Navalnının “Ağıllı səsvermə” elektron platforması həmin il Rusiyanın hakim partiyasının Moskva Şəhər Şurasında yerlərin təxminən yarısını itirməsinə gətirib çıxarıb.
Mənbə: BBC.com/russian