Eldar Həsənovun məhkəməsində
- 03 Sentyabr 2021
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Sentyabrın 3-ü Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət xadimi Eldar Həsənovun işi üzrə hazırlıq iclası keçirilib.
Unikal.org xəbər verir ki, Eldar Həsənov iclasa əsa ilə gəlib.
Musavat.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasa az jurnalist buraxılıb. Eyni zamanda bəzi televiziya kanallarının məhkəmə zalında çəkiliş aparmasına icazə verilib. Eldar Həsənovun vəkillərindən Adəm Məmmədov buna etiraz bildirib. Etiraz qəbul edilməyib.
APA-nın xəbərinə görə, Eldar Həsənovun vəkilləri məhkəmə zalının dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyiblər. Eldar Həsənov vəsatətə etiraz etməyib. Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.
Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturdulması barədə də vəsatət veriblər. Dövlət ittihamçısı vəsatətə etiraz etməyib, bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə prosesin indiki mərhələsində vəsatəti təmin etməyib.
Eldar Həsənovun vəkillərindən Cəlil Mirzəyev deyib ki, istintaq zamanı müdafiə etdiyi şəxsin hüquqları pozulub, ittiham aktı prosessual tələblərə uyğun tərtib edilməyib, tanışlıq hüququ pozulub. Vəkil işin yenidən istintaqa qaytarılmasını və məhkəmə işinə xitam verilməsini, baxış iclasının keçirilməməsini istəyib.
Musavat.com-un məlumatına görə, Eldar Həsənov onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə münasibət bildirərkən deyib: “Heç bir cinayətim sübuta yetirilməyib. İstintaq qrupu rəhbərinin işidir. Mən həbs edilənə qədər 7 dəfə əməliyyat olunmuşdum. Həkim müayinəsi barədə istəklərimiz rədd edildi. Dövlət Təhlükəsizlik Xidmətinin vicdanlı, ləyaqətli əməkdaşlarının köməyi ilə hərəkət edirdim. Məhkəmə-tibb ekspertizası təyin olundu. Həkimlər məni müayinə eləməyə gəldilər. İstintaq təcridxanasında tibb otağı olduğu halda görüş otağında müayinə etdilər.
1 il 20 gündür həbsdəyəm. Bundan sonra da nə qədər ömrüm varsa, mübarizəmi davam etdirəcəm. Hakim, prokuror qarşısına çıxmağa hazıram. Ölkə başçısından ədalət, məhkəmədən ədalətli qərar gözləyirəm.
Bu bina əvvəl Ali Məhkəmənin binası idi. Buraya müxtəlif statuslarda gəlmişəm. İkinci dəfədir ki, təqsirləndirilən şəxs kimi gəlirəm (Eldar Həsənov bu il avqustun 27-də də Bakı Ağır Cinayətlər Məhkəməsində olub. Lakin həmin vaxt iclas sentyabrın 3-nə keçirilib – red.). Bunu sizə deməyi özümə borc bilirəm ki, heç kim bilmir başına nə gələcək. Məni Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına gətirmişdilər, ağır vəziyyətdə. Ertəsi gün gəldilər ki, prokurorluq deyir istintaq materiallarını mənə təqdim eləməlidilər. İstintaq materialları stasionar şəraitdə təqdim oluna bilməz. Ona görə istintaq təcridxanasına qaytardılar. Səhhətim ağır olsa da, tələb elədilər ki, 48 saat ərzində iş materialları ilə tanış olum”.
Musavat.com xəbər verir ki, hazırlıq iclasının bu hissəsində məhkəmə zalına buraxılmış jurnalistlər də zaldan çıxarılıb.
Məlumata görə, iclas cinayət işinin məhkəmə baxışına verilməsi ilə yekinlaşıb. Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.
Eldar Həsənovun vəkillərindən olan Cavad Cavadov Anews.az-a bildirib ki, hakim Əfqan Hacıyev məhkəmə istintaqı müddətində həbs qətimkan tədbirinin qüvvədə saxlanması barədə qərar qəbul edib, yəni Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət də təmin olunmayıb.
Novator.az bildirir ki, 1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professor, pedaqoq, kitab, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur həbs edilib.
İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.
Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. 2021-ci il avqustun 16-da məlumat yayan Baş Prokurorluq bəyan edib ki, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
Həmin gün açıqlaması yayılan Eldar Həsənov qeyd edib ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir: “Həbsimin həqiqi səbəbi ölkə rəhbərliyinə guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.
Məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan məlumatların hazırlanıb aidiyyəti üzrə ötürülməsinin, son iki ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlanmasının təşkilatçıları mənə məlumdur. Zərurət yarandıqda yalan və uydurmalar əsasında hətta xarici ölkədən yalan məlumatlar göndərilməsinə, həbsimə nail olan, özünü ölkə rəhbərliyinə yaxın hesab edən və bundan öz şəxsi maraqlarına sui-istifadə edən hər iki insanın adını və səbəbləri açıqlayacağam.
İstintaqın müxtəlif mərhələlərində adlarını açıqlamaq istəmədiyim şəxslərə qarşı müəyyən ifadələr verməyim və bunun müqabilində ertəsi gün azadlığa buraxılmağımın təmin edilməsinə dair çoxsaylı təklif və cəhdləri rədd etmişəm.
27 ildə mənim yolum ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin siyasəti olub. Bunu məni tanıyanlar, yaxınlar və bu illərdə, hətta ən ağır illərdə əməli fəaliyyətim, gördüyüm işlər təsdiqləyir. Azacıq şübhəsi olanlar son 27 illik fəaliyyətimi, vicdan və ədalət çərçivəsində, təhlil və təftiş edə bilərlər.
Birmənalı şəkildə bildirirəm ki, verilmiş ittihamlar heç bir mötəbər sübuta, dəlilə, hüquqi və prosessual əsaslara yox, mülahizə və ehtimallar əsasında sifarişli, qərəzli, qisas almaq niyyətindən başqa bir şey deyil”.
Eldar Həsənov həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb.
Vəkilləri bildirir ki, bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.
2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb. İyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb.
Avqustun 2-də Eldar Həsənov yenidən hospitala aparılıb, vəkilləri bunu Eldar Həsənovun səhhətinin ağırlaşması ilə izah edib.
Vəkil Cavad Cavadov avqustun 26-da açıqlama yayaraq bildirib ki, avqustun 17-də Eldar Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicəsi yarımçıq kəsilib, o, heç bir açıqlama, izah verilmədən istintaq təcridxanasına qaytarılıb: “Təcridxanada müvafiq tibbi müalicə aparılmır, Eldar Həsənovun səhhəti get-gedə pisləşir”.
Cavad Cavadov Eldar Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına qaytarılmasını məhbus dövlət xadiminin 16 avqust açıqlaması ilə əlaqələndirib.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub