Müdafiə naziri Zakir Həsənov avqustun 30-u Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirak etdiyi müşavirəyə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər video vasitəsilə cəlb olunub.
Rəsmi məlumata görə, Ermənistan-Azərbaycan sərhədində və Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə vəziyyəti təhlil edən nazir qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması tapşırıqları qoyub.
Zakir Həsənov azad edilmiş ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanması, bölmələrin qışa hazırlığının təmin edilməsi ilə bağlı göstərişlər verib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.