Nazirlər Kabineti Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə tam və ümumi orta təhsil bazasında tələbə qəbulu, eləcə də ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını yeniləyib. Dəyişikliyə görə, bu vətəndaşların imtahanlarda iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər; ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər; Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Novator.az bildirir ki, Tarif (qiymət) Şurasının qərarına görə, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanında iştirak üçün 20 manat, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu imtahanında iştirak üçün 40 manat ödəniş nəzərdə tutulur.