Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
- 26 Avqust 2021
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Məhbus dövlət xadimi Eldar Həsənovun vəkili Cavad Cavadov avqustun 26-da açıqlama yayıb. O yazır ki, avqustun 17-də Eldar Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicəsi yarımçıq kəsilib, Eldar Həsənov heç bir açıqlama, izah verilmədən istintaq təcridxanasına qaytarılıb: “Təcridxanada müvafiq tibbi müalicə aparılmır, Eldar Həsənovun səhhəti get-gedə pisləşir”.
Cavad Cavadov Eldar Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına qaytarılmasını məhbus dövlət xadiminin 16 avqust açıqlaması ilə əlaqələndirir.
Novator.az-ın məlumatına görə, vəkil həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökuməti ilə aralıq tədbirin tətbiq edilməsinə dair kommunikasiya aparır: “Hökumət adından çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Avropa Məhkəməsinə ünvanladığı 20 avqust 2021-ci il tarixli məktubunda Eldar Həsənovun hospitalda müalicəsinin davam etdiyini vurğulayır, bizi manipulyasiyada günahlandırır, aralıq tədbirlərin dayandırılmasını istəyir. Başqa sözlə, məhkəməyə yalan məlumat verir və üstəlik, bizi ittiham edir. Avropa Məhkəməsinə müvafiq cavab ünvanlamışıq və əminəm ki, adekvat reaksiya veriləcək”.
2020-ci il avqustun 13-də tutulan Eldar Həsənova Baş Prokurorluğun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürüb. 2021-ci il avqustun 16-da məlumat yayan Baş Prokurorluq bəyan edib ki, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
Həmin gün açıqlaması yayılan Eldar Həsənov qeyd edib ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir: “Həbsimin həqiqi səbəbi ölkə rəhbərliyinə guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.
Məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan məlumatların hazırlanıb aidiyyəti üzrə ötürülməsinin, son iki ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlanmasının təşkilatçıları mənə məlumdur. Zərurət yarandıqda yalan və uydurmalar əsasında hətta xarici ölkədən yalan məlumatlar göndərilməsinə, həbsimə nail olan, özünü ölkə rəhbərliyinə yaxın hesab edən və bundan öz şəxsi maraqlarına sui-istifadə edən hər iki insanın adını və səbəbləri açıqlayacağam.
İstintaqın müxtəlif mərhələlərində adlarını açıqlamaq istəmədiyim şəxslərə qarşı müəyyən ifadələr verməyim və bunun müqabilində ertəsi gün azadlığa buraxılmağımın təmin edilməsinə dair çoxsaylı təklif və cəhdləri rədd etmişəm.
27 ildə mənim yolum ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin siyasəti olub. Bunu məni tanıyanlar, yaxınlar və bu illərdə, hətta ən ağır illərdə əməli fəaliyyətim, gördüyüm işlər təsdiqləyir. Azacıq şübhəsi olanlar son 27 illik fəaliyyətimi, vicdan və ədalət çərçivəsində, təhlil və təftiş edə bilərlər.
Birmənalı şəkildə bildirirəm ki, verilmiş ittihamlar heç bir mötəbər sübuta, dəlilə, hüquqi və prosessual əsaslara yox, mülahizə və ehtimallar əsasında sifarişli, qərəzli, qisas almaq niyyətindən başqa bir şey deyil”.
Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq. İş üzrə hazırlıq iclası avqustun 27-nə təyin edilib.
1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
Eldar Həsənov hüquq elmləri doktoru, professor, pedaqoq, kitab, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur həbs edilib.
İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.
Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənov həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb.
Vəkilləri bildirir ki, bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.
2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb. İyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb.
Avqustun 2-də Eldar Həsənov yenidən hospitala aparılmış, vəkilləri bunu Eldar Həsənovun səhhətinin ağırlaşması ilə izah etmişdi.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi