Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası başa çatıb. Müdafiə Nazirliyinin məlumatına görə, paytaxt Kabilin beynəlxalq aeroportunda xidmət keçən 120 nəfərdən ibarət sülhməramlı avqustun 26-na gecə ölkədən çıxarılıb. Sülhməramlılara məxsus silah və hərbi əmlakın hava yolu ilə Türkiyənin paytaxtı Ankaraya daşındığı bildirilir.
Azərbaycan Ordusu NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ilin noyabr ayında qoşulmuşdu. Missiyaya hərbi qulluqçular, hərbi həkimlər və qərargah zabitləri daxil idi.
1996-2001-ci illərdə Əfqanıstanda radikal islamçılar hakimiyyətdə olub. 2001-ci ildə NATO-nun hərbi müdaxiləsi ilə hakimiyyət dəyişib. Xarici hərbi qüvvələrin ölkəni mərhələ-mərhələ tərk etməsinin ardınca 2021-ci ilin avqustunda radikal islamçılar yenidən Əfqanıstanı ələ keçirib.