Avqustun 19-da Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatını nəzərə alan prezident Armen Sərkisyan Ararat Mirzoyanı xarici işlər naziri təyin edib.
Xarici işlər naziri postu mayın 27-də Ara Ayvazyan istefa verəndən boş idi. O, Xarici İşlər Nazirliyinin başında 2020-ci il noyabrın 18-dən durub.
Novator.az bildirir ki, Ararat Mirzoyan 1979-cu ildə doğulub. Yerevan Dövlət Universitetinin tarix fakültəsini, Dövlət İdarəçiliyi Akademiyasını və Milli Elmlər Akademiyasının aspiranturasını bitirib. Tarix elmləri namizədidir.
Milli Elmlər Akademiyasında, Ermənistan Milli Arxivində, “Reqnum” agentliyində və başqa qurumlarda müxtəlif vəzifələr tutub, Yerevan Dövlət Universitetində dərs deyib.
2017-ci ildə parlamentin deputatı seçilib, 2018-ci ildən baş nazirin birinci müavini olub, 2019-2021-ci illərdə Milli Məclisə sədrlik edib.
Ararat Mirzoyan hakim Vətəndaş Sazişi Partiyasının öncül şəxslərindən biridir.
Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan avqustun 2-də yenidən baş nazir postuna yiyələnib. Suren Papikyan və Mger Qriqoryan baş nazirin müavinləri, Arşak Karapetyan müdafiə naziri, Karen Andreasyan ədliyyə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Tiqran Xaçatryan maliyyə naziri, Vaahn Xaçaturyan yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan əmək və sosial məsələlər naziri, Anait Avanesyan səhiyyə naziri, Vaqram Dumanyan elm, təhsil, mədəniyyət və idman naziri, Romanos Petrosyan ətraf mühit naziri təyin olunub.
1975-ci il təvəllüdlü Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib.
2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq yenidən hökumət qurub.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub. 20 iyun seçkisində Vətəndaş Sazişi Partiyası 107 nəfərlik parlamentə 71 deputat yeri qazanaraq hökumət qurmaq hüququ əldə edib.
Avqustun 2-də yeni parlament fəaliyyətə başlayıb, həmin gün Nikol Paşinyan baş nazir postuna təyinat alıb.