Avqustun 18-də Baş Prokurorluq AXCP üzvü Aqil Hümmətovun həbsi ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, Aqil Valeh oğlu Hümmətov qonşusu Yamən Tağı oğlu Məmmədovun sağlamlığına qəsdən ağır xəsarət yetirib, Xəzər Rayon Polis İdarəsi cinayət işi başlayıb, ibtidai istintaq aparılır: “Aqil Hümmətovun üstündə gəzdirdiyi cib bıçağı ilə Bakının Xəzər rayonunda, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində heç bir əsaslı səbəb olmadan Yamən Məmmədovun qarın nahiyəsindən qəsdən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan edilən Aqil Hümmətov barəsində həbs qətimkan tədbiri seçilib”.
Novator.az bildirir ki, 126.2.4-cü maddəyə əsasən, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Avqustun 11-i tutulan Aqil Hümmətov Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır. Onun barəsində dörd aylıq həbs qətimkan tədbirini avqustun 13-də Xəzər Rayon Məhkəməsi seçib.
Zirə qəsəbəsinin sakini olan Aqil Hümmətov üç övlad atasıdır, məişət tullantılarını çeşidləyib satmaqla məşğul olub.
Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov heç kimə xəsarət yetirmədiyini bildirir, deyir ki, Xəzər Rayon Polis İdarəsində ağır işgəncələrə məruz qalaraq etiraf ifadəsinə qol çəkib.