AXCP üzvü Aqil Hümmətovun həbsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. Avqustun 17-də Novator.az-a danışan vəkil Nemət Kərimli belə deyib.
Avqustun 11-i Bakıda tutulan Aqil Hümmətovun Zirə qəsəbəsində vətəndaş Yamən Məmmədova bıçaqla xəsarət yetirdiyi açıqlanıb. Xəzər Rayon Polis İdarəsi işi qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə araşdırır. Bu ittiham üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Avqustun 13-də Xəzər Rayon Məhkəməsi cəbhəçi barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib, o, Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına yerləşdirilib.
Zirə qəsəbəsinin sakini olan Aqil Hümmətov üç övlad atasıdır, məişət tullantılarını çeşidləyib satmaqla məşğul olub.
Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov heç kimə xəsarət yetirmədiyini bildirir. O, avqustun 16-da 3 saylı İstintaq Təcridxanasına baş çəkən vəkili Nemət Kərimliyə deyib ki, Xəzər Rayon Polis İdarəsində ağır işgəncələrə məruz qalaraq etiraf ifadəsinə qol çəkib.
Nemət Kərimli Novator.az-a deyib ki, işgəncə məsələsinin araşdırılması istəyi ilə Xətai Rayon Prokurorluğuna müraciət edib.