Vəkil Cavad Cavadov özünün “Facebook” səhifəsində məhbus dövlət xadimi Eldar Həsənovun açıqlamasını yayıb.
2020-ci il avqustun 13-ü Bakıda tutulan Eldar Həsənova Baş Prokurorluğun İstintaq İdarəsi Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürüb. 2021-ci il avqustun 16-da məlumat yayan Baş Prokurorluq bəyan edib ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. İstintaqın iddiasına görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
Rəsmi məlumatın ardınca açıqlaması yayılan Eldar Həsənov bildirir ki, tutulandan bir gün sonra, 14 avqust 2020-ci ildə Səbail Rayon Məhkəməsində ilk və sonuncu dəfə belə bir ifadə verib: “Baş verənlər bir anlaşılmazlıqdır, aparılan cinayət işi ilə bağlı bütün məsələlərin ölkə daxilində, hüquqi müstəvidə, obyektiv və ədalətli araşdırılmasına ümid edirəm, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ədalətinə inanıram”.
Eldar Həsənov qeyd edir ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir, bunlara etiraz olaraq heç bir ifadə verməyib: “Prokurorluğun mətbuata verdiyi qərəzli məlumatla bağlı ilk dəfə olaraq bildirirəm ki, həbsimin əsl səbəbi qətiyyən həmin məlumatda göstərilənlər deyil. Həbsimin həqiqi səbəbi ölkə rəhbərliyinə guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.
Həqiqətən mən Xarici İşlər Nazirliyinin qapalı iclaslarında, o cümlədən 2 fevral 2020-ci ildə Brüssel şəhərində, Avropada Azərbaycanı təmsil edən səfirlərin iştirakı ilə keçirilən qapalı iclasında, həmçinin yazdığım məktublarda dövlətimizin apardığı siyasətə xələl gətirən, zərər verən laqeyd münasibəti tənqid etmişəm. Amma məsuliyyətli məmur kimi onları heç vaxt, heç bir yerdə ictimailəşdirməmişəm. Çıxışlarımın stenoqramları və məktublarımın hər biri müvafiq dövlət qurumlarında saxlanır.
Məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan məlumatların hazırlanıb aidiyyəti üzrə ötürülməsinin, son iki ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlanmasının təşkilatçıları mənə məlumdur. Zərurət yarandıqda yalan və uydurmalar əsasında hətta xarici ölkədən yalan məlumatlar göndərilməsinə, həbsimə nail olan, özünü ölkə rəhbərliyinə yaxın hesab edən və bundan öz şəxsi maraqlarına sui-istifadə edən hər iki insanın adını və səbəbləri açıqlayacağam.
Yeri gəlmişkən, saxlandığım ilk gündən etibarən bu şəxslərdən birinin bütün imkan və vasitələrlə işin obyektiv araşdırılmasına birbaşa mane olmasına dair müvafiq dövlət qurumuna rəsmi müraciət etmişəm. Lakin bu müraciətlərimin yekun ünvana çatmasına əmin deyiləm.
İstintaqın müxtəlif mərhələlərində adlarını açıqlamaq istəmədiyim şəxslərə qarşı müəyyən ifadələr verməyim və bunun müqabilində ertəsi gün azadlığa buraxılmağımın təmin edilməsinə dair çoxsaylı təklif və cəhdləri rədd etmişəm. Birmənalı olaraq bildirmişəm ki, satqınlıq xasiyyətimdə və mənsub olduğum nəsil-nəcabətdə olmayıb və bundan sonra da olası deyil.
Bir daha bəyan edirəm ki, 27 ildə mənim yolum ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin siyasəti olub. Bunu məni tanıyanlar, yaxınlar və bu illərdə, hətta ən ağır illərdə əməli fəaliyyətim, gördüyüm işlər təsdiqləyir. Azacıq şübhəsi olanlar son 27 illik fəaliyyətimi, vicdan və ədalət çərçivəsində, təhlil və təftiş edə bilərlər.
O ki qaldı mətbuata verilmiş məlumatın mahiyyətinə, birmənalı şəkildə bildirirəm ki, verilmiş ittihamlar heç bir mötəbər sübuta, dəlilə, hüquqi və prosessual əsaslara yox, mülahizə və ehtimallar əsasında sifarişli, qərəzli, qisas almaq niyyətindən başqa bir şey deyil.
İfadə verməkdən imtina etməyimin əsas səbəblərindən biri də verilən ittihamların uydurma olması ilə yanaşı provokasiya xarakterli (məni ifadə verməyə məcbur edib bu ifadələrdən sui-istifadə etmək məqsədi güdülməsi), hətta dövlətimizin imicinə, bəzi hallarda isə dövlətlər arası münasibətlərə zərər vurması ilə nəticələnə bilməsindən ehtiyat etməyim olub.
İstintaq isə çəkinmədən ittihama mənim heç vaxt, heç bir halda müdaxilə etmək belə niyyətim, səlahiyyətim və imkanım olmadığı Heydər Əliyev Fondu ilə bağlı layihələri salıb. Belə humanitar layihələrə yerində birbaşa rəhbərlik etmək məqsədilə xidməti pasport verilərək uzunmüddətli (yeddi il) ezam olunmuş, artıq həyatda olmayan, öz işini layiqincə, vicdanla və yüksək peşəkarlıqla yerinə yetirmiş memar Eldar Hüseynovun adının cinayət əlaqəsində qeyd edilməsi ağlasığmaz qanunsuzluq və haqsızlıqla yanaşı bir provokasiyadır.
Bu səbəbdən məhkəmədə ən azı özümü müdafiə etmək, həqiqətləri söyləmək üçün ifadə vermək məcburiyyətində qalacam və bununla belə mənə qarşı olan bu qədər haqsızlıqlara baxmayaraq yenə də dövlətimin maraqlarını hər şeydən üstün tutmağı düşünürəm.
Mənim həbs sifarişimi düşmənçilik məqsədilə verənlər isə bunu qəsdən edirlər, çünki içlərində olan qisasçılıq hər şeyin üstündən xətt çəkib.
Digər tərəfdən isə son illərdə əziyyət çəkdiyim səhhətimin ciddi formada ağırlaşması, həbs müddətində prokurorluğun qərəzli münasibəti səbəbindən ixtisaslaşmış həkim müayinəsi, əməliyyat və həkim müalicəsindən məhrum olunmağım kimi layiq olmadığım, amansız, qəddar münasibətə məruz qalmağım, belə münasibət nəticəsində düçar olduğum ağır xəstəlik də, heç şübhəsiz ki, başqa qanunsuzluqlarla yanaşı mənə mənəvi-psixoloji əzab verir. Faktiki olaraq fiziki məhvimə yönələn sifarişi verən və icra edənlər ilk növbədə Böyük Allahdan qorxmalıdırlar.
Baş Prokurorluğun ölkənin baş prokuroru olmuş bir şəxsə qarşı bu cür sifarişli və qərəzli davranışını görmək olduqca acınacaqlıdır və sözsüz ki, bu münasibət prokurorluğun tarixində qara ləkə olaraq qalacaq.
Bütün ədalətsizliklərə, haqsızlıqlara, məhrumiyyətlərə, ağır xəstəliklərə düçar qalan insan kimi özümə təsəllini yalnız onda tapıram ki, 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımız qəhrəman ordumuzun və müzəffər ali baş komandanımızın cəsarəti və şücaəti nəticəsində işğaldan azad olunub.
Sadəcə olaraq inana bilmirəm ki, etibara və inama söykənən, sınaqlar sınağından keçmiş uzun illərin münasibətlərinə baxmayaraq qisas almaq məqsədilə verilmiş yalan və uydurma məlumatlara möhtərəm prezident İlham Əliyev nədən, niyə inandı, mənə qarşı bu ədalətsizliklərə razılaşdı?
Mənim vicdanım Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının prezidentinin yanında təmizdir. Bunu tarix də, zaman da, ilahi ədalət də göstərəcək. Allah böyükdür!”
Novator.az bildirir ki, 1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
Eldar Həsənov hüquq elmləri doktoru, professor, pedaqoq, kitab, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur həbs edilib.
İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.
Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənov həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb.
Vəkilləri bildirir ki, bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.
2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb. İyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb.
Avqustun 2-dən Eldar Həsənov yenidən hospitaldadır. Vəkilləri bunu Eldar Həsənovun səhhətinin yenidən ağırlaşması ilə izah edir.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb