Dövlət xadimi Eldar Həsənovun işi üzrə istintaq tamamlanıb. Baş Prokurorluğun avqustun 16-da yaydığı rəsmi məlumata görə, İstintaq İdarəsi Eldar Həsənova mənimsəmə və ya israf etmə; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma; vəzifə səlahiyyətlərindən sui-istifadə; dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə və vəzifə saxtakarlığı ittihamları verib, ittiham aktı təsdiqlənərək baxış üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttihama əsasən, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manat pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edilmiş 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.
Açıqlamaya görə, Eldar Həsənovla birgə ittiham olunan şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılıb, istintaq davam etdirilir.
Baş Prokurorluq həmçinin bildirir ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsini əngəlləyən hər hansı xəstəlik aşkar olunmayıb.
Novator.az bildirir ki, Eldar Həsənov 1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetində, Azərbaycan Pedaqoji Universitetində dərs deyib. Mütəşəkkil cinayətkarlıq və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, İşlər İdarəsinin müdiri, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri, Konsulluq İdarəsinin rəisi və həmin idarənin konsulluq-hüquq şöbəsinin rəisi həbs edilib.
İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.
Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Xarici İşlər Nazirliyinin ittiham olunan əməkdaşları istintaqın gedişində ev dustaqlığına buraxılıb, Eldar Həsənov isə həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb.
Eldar Həsənova Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev vəkillik edirlər. Onlar bildirir ki, bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.
Vəkillərinin prokurorluğa, məhkəmələrə Eldar Həsənovun həbsdən buraxılması, müalicə olunması barədə müraciətləri təmin olunmayıb. Onların, eləcə də ziyalıların, gənclərin prezident İlham Əliyevə eyni istəklə müraciətləri də nəticəsiz qalıb.
2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb. İyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb.
Avqustun 2-dən Eldar Həsənov yenidən hospitaldadır. Vəkilləri bunu Eldar Həsənovun səhhətinin yenidən ağırlaşması ilə izah edir.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır