AXCP üzvü Aqil Hümmətov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Qərarı avqustun 13-də Xəzər Rayon Məhkəməsi çıxarıb, cəbhəçi Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına yerləşdirilib.
Avqustun 11-i Bakıda tutulan Aqil Hümmətov Xəzər Rayon Polis İdarəsinə aparılmış, onun Zirə qəsəbəsində vətəndaş Yamən Məmmədova bıçaqla xəsarət yetirdiyi açıqlanmışdı. İş qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə araşdırılır. Bu ittiham üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Zirə qəsəbəsinin sakini olan Aqil Hümmətov üç övlad atasıdır, ailəsini məişət tullantıları məkanlarında karton yığıb satmaqla dolandırır.
Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov 2020-ci ildə məhkəmə qərarı ilə Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında üç ay məcburi müalicəyə cəlb olunub. Fəal özü və partiyadaşları məhkəmənin məcburi müalicə barədə qərarını siyasi sifariş kimi qiymətləndirib.
Avqustun 15-də Aqil Hümmətov istintaq təcridxanasından evinə zəng vurub. Həyat yoldaşının “Turan”a bildirdiyinə görə, Aqil heç kimə xəsarət yetirmədiyini deyib: “Zibil yığdığı zaman bir kişi qışqıra-qışqıra ona yaxınlaşıb ki, guya Aqil onun ailə üzvünə nalayiq söz deyib. Aqil onun ailə üzvlərini tanımadığını bildirib. Həmin şəxs cibindən bıçaq çıxarıb və qışqıra-qışqıra guya Aqilin onu bıçaqladığını bildirib. Elə həmin an polislər Aqili saxlayıb”.
Həyat yoldaşı əlavə edib ki, cəbhəçi sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün təqib olunur: “Həbs ərəfəsində Aqilin “Facebook” səhifəsi sındırılıb, uşaq müavinətləri tələb etdiyi video silinib”.