AXCP üzvü Aqil Hümmətova qəsdən sağlamlığa ağır zərər vurma ittihamı irəli sürülüb. Novator.az bildirir ki, bu ittiham üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Aqil Hümmətov avqustun 11-i Bakıda tutularaq Xəzər Rayon Polis İdarəsinə aparılıb. Onun Zirə qəsəbəsində vətəndaş Yamən Məmmədova bıçaqla xəsarət yetirdiyi açıqlanıb.
Avqustun 13-də “Turan”a açıqlama verən həyat yoldaşı Aqil Hümmətovun paytaxtın Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına yerləşdiriləcəyini deyib.
Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov 2020-ci ildə məhkəmə qərarı ilə Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında üç ay məcburi müalicəyə cəlb olunub. Fəal özü və partiyadaşları məhkəmənin məcburi müalicə barədə qərarını siyasi sifariş kimi qiymətləndirib.
Hazırda daha dörd cəbhəçi həbsdədir.
2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur.