Novator.az Dövlət Neft Şirkətinin (SOCAR) yenilənmiş nizamnaməsini təqdim edir.
SOCAR Azərbaycanda və xaricdə neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını həyata keçirir.
Şirkətin nizamnamə kapitalı 1 milyard 628 milyon manatdır.
Dövlət Neft Şirkətinin strukturunda Audit Komitəsi, Təyinat və Mükafatlandırma Komitəsi, Strategiya və İnvestisiyalar Komitəsi, Risklərin İdarə edilməsi Komitəsi, Satınalmalar Komitəsi, Kadrların İdarə Edilməsi Komitəsi, İnformasiya Təhlükəsizliyi Komitəsi yer alır.
Struktura həmçinin baş ofis, filiallar, nümayəndəliklər və hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr), ortaq neft şirkətləri və şirkətin yaratdığı təsisatlar (törəmə və asılı təsərrüfat cəmiyyətləri), digər qurumlar daxildir.
Rövnəq Abdullayevin prezidentlik etdiyi şirkət 2020-ci il noyabrın 5-də Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Azərbaycan İnvestisiya Holdinqi prezidentin 7 avqust 2020-ci il fərmanı ilə yaradılıb. Publik hüquqi şəxs olan Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına baş nazir Əli Əsədov sədrlik edir. Mətin Eynullayev İdarə Heyətinin sədri, Ruslan Əlixanov baş icraçı direktordur.
2021-ci il yanvarın 23-də SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.
Nizamnaməyə görə, SOCAR-ın strukturunu ölkə prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi təsdiqləyir.
Şirkətin strukturuna daxil olan qurumların, həmçinin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi barədə qərarları Müşahidə Şurası qəbul edir.
Qurumun ali idarəetmə orqanı onun Ümumi Yığıncağıdır. İdarəetmə orqanları Müşahidə Şurası və kollegial icra orqanı – İdarə Heyətidir.
Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilməyən məsələlər barədə qərarları Azərbaycan İnvestisiya Holdinqi qəbul edir.
Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurası ölkə prezidentinin vəzifəyə təyin etdiyi 7 üzvdən ibarətdir. Onların səlahiyyət müddəti 3 ildir.
SOCAR-ın fəaliyyətinə cari rəhbərlik İdarə Heyətinin səlahiyyətindədir. İdarə Heyəti ölkə prezidentinin vəzifəyə təyin etdiyi 14 üzvdən – şirkətin prezidentindən, birinci vitse-prezidentindən və 12 vitse-prezidentdən ibarətdir.
Dövlət Neft Şirkətinin mərkəzi ofisi Bakıda yerləşir.